Rayon haqqında
İdman
Rayonda idmanla məşğul olanların sayı 10500 nəfərdir. Rayonumuzda 5000 nəfərlik “Karvan” stadionu, 55 idman qurğusu, 7 idman meydançası fəaliyyət göstərir. Yevlax rayonunda 1982-ci ildən Yevlax Uşaq-Gənclər İdman Şahmat Məktəbi, 1994-cü ildən isə Uşaq-Gənclər İdman Məktəbi fəaliyyət göstərir. İdman məktəblərində 8 idman bölməsi fəaliyyət göstərir. Bunların sırasına ağırlıqqaldırma, yunan-Roma güləşi, taekvondo, cüdo, futbol, şahmat, sambo və sərbəst güləş fəaliyyət göstərir. Bundan əlavə rayonda karate, qaydasız döyüş, voleybol, pauerliftinq və üzgüçülük idman növü inkişaf etməkdədir. İdman məktəblərində ümumilikdə idmanla məşğul olanların sayı 1007 nəfərdir. Rayonda hal-hazırda Yevlax Olimpiya İdman Kompleksi tikilməkdədir.
Yevlax idmançıları bir çox respublika və beynəlxalq idman yarışlarında iştirak edərək yüksək nailiyyətlər qazanmışlar. 2004-cü ildə taekvondoçumuz Salmanov Məftun Cənubi Koreyada keçirilən Dünya çempionatında III yerin, 2005-ci ildə isə Bakıda keçirilən Avropa çempionatında II yerin qalibi olmuşdur. 2005-ci ildə Haqverdiyev Nicat taekvondo üzrə yeniyetmələr arasında İtaliyanın Palermo şəhərində keçirilən Avropa çempionatının I yerin, 2007-ci ildə isə dünya açıq birinciliyində III yerin qalibi olmuşdur. 2015-ci ildə İsmayılov Hüseyn ağırlıqqaldırma idman növü üzrə İsveçrədə yeniyetmələrin Avropa birinciliyində I yerin qalibi, 2017-ci ildə isə gənclər arasında Albaniyanın Dürres şəhərində Avropa birinciliyində III yerin qalibi olmuşdur. 2016-cı ildə sərbəst güləş üzrə idmançımız Həsənov Nəsir Gürcüstanda yeniyetmələrin dünya birinciliyində II yerin, 2017-ci ildə Finlandiyada gənclər arasında Dünya birinciliyində III yerin, 2018-ci ildə Gürcüstanda yeniyetmələrin Dünya birinciliyində II yerin, 2022-ci ildə Bakı şəhəri böyüklər arasında Dünya kubokunda II yerin qalibi olmuşdur. 2018-ci ildə Abdullayev Bəxtiyar pauerliftinq üzrə Rusiya Soçi şəhəri Avropa, Moskva şəhəri Dünya çempionatında I yerin qalibi olmuşdur. 2019-cu ildə sərbəst güləşçimiz Soltanova Birgül İtaliyada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində III yer, 2020-ci ildə Rusiyada federasiyasında keçirilən gənclərin Dünya birinciliyində III yerin, 2022-ci ildə İtaliyada keçirilən U-20 Avropa çempionatında I yerin, 2023-cü ildə Serbiyada U-23 Avropa çempionatında II yerin, Bakı şəhəri Hərbiçilərin Dünya birinciliyində isə III yerin qalibi olmuşdur. 2024-cü ildə sərbəst güləşçimiz İsmayılov Mühəmməd Serbiyada U-17 Avropa birinciliyində I yerin qalibi olmuşdur. 2024-cü ildə yunan-Roma güləşçimiz Xudayar Kərimov Yunanıstan Lautrake şəhərində yeniyetmələr arasında Avropa çempionatında II yerin, 2025-ci ildə isə İtalyanın Kaorle şəhərində keçirilən Avropa çempionatında III yerin qalibi olmuşdur. Bundan əlavə Yevlax idmançıları ölkə yarışlarında çoxlu sayda medallar qazanmışlar. 2023-cü ildə cüdoçumuz Abdullayeva Pərvanə gənclər arasında Azərbaycan birinciliyində I yerin, qadınlar arasında Azərbaycan çempionatında I yerin, U-21 ölkə birinciliyində I yerin qalibi olmuşdur. 2024-cü ildə Həsənli Murad ağırlıqqaldırma üzrə gənclər və böyüklər arasında Azərbaycan çempionatında II yerin qalibi, Abdullayev Qurban isə II yerin qalibi olmuşdur. 2025-ci ildə Yevlax idmançıları ölkə birinciliklərində 8, beynəlxalq yarışlarda isə 1 medal qazanmışdır.
Ümumtəhsil məktəbləri və idman məktəblərində çalışan bədən tərbiyəsi kadrlarının sayı 179 nəfərdir. Bunlardan 4 nəfəri “Əməkdar Məşqçi”, 1 nəfəri isə “Fəxri Bədən Tərbiyəsi və İdman” işçisidir.
Rayonda ən çox inkişaf etmiş idman növləri yunan-Roma güləşi, cüdo, sərbəst güləş və futboldur. Digər idman növləri də yeniyetmə və gənclər arasında kifayət qədər yayılmışdır. Yevlax rayonunda gənclər və idman sektoru tərəfindən hər ay müxtəlif idman növləri üzrə rayon turnirləri və nümunəvi çıxışlar keçirilir.
Bundan əlavə rayonda Karvan Futbol Klubu fəaliyyət göstərir ki, qeyd olunan klubun fəaliyyəti rayonda idmana marağın artırılmasında müstəsna rol oynayır. Karvan FK 2005 və 2006-cı illərdə Azərbaycan Premyer Liqasında 2-ci yeri qazanmışdır. Qeyd edək ki, Karvan FK 2025/2026 sezonundan yenidən Azərbaycan Premyer Liqasında çıxış edir.
2009-cu ildə istifadəyə verilmiş Gənclər Evində Analitik-tədqiqat, Sosial fəaliyyətlər, Yaradıcılıq, Təlim və fərdi inkişaf və Vətənpərvərlik klubları yeniyetmə və gəncləri özündə cəmləşdirir. Gənclər Evində kitabxana və 72 nəfərlik akt zalı mövcuddur. Bundan əlavə rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzinin tabeliyində olan Yevlax Gənclər Məkanı fəaliyyət göstərir ki, burda da gənclərin asudə vaxtını səmərəli keçirmək üçün bir çox şərait yaradılmışdır.






