Şriftin ölçüsü :

Saytın rəngi :

PREZİDENT İLHAM ƏLİYEV BU FİKİRLƏRİ REGİONLARIN 2014-2018-Cİ İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMININ İCRASININ YEKUNLARINA HƏSR OLUNMUŞ KONFRANSDA SÖYLƏMİŞDİR

05 fevral 2019 | 16:00

Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir.


Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər.

Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir.

Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Kənd təsərrüfatı 1,7 dəfə artıb.

Sənayeləşmə prosesi uğurla gedir. Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət almışdır. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında bizim 67 rezidentimiz var. Onlardan 40-ı artıq fəaliyyətdədir.


Qeyd etdiyim kimi, biz 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması  ilə bağlı böyük addımlar atdıq. Sahibkarlığın inkişafına böyük dəstək verdik. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.

Aqroparkların yaradılması çox müsbət hal kimi qiymətləndirilə bilər. Proqramda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Onlardan 17-si fəaliyyətdədir.

Ötən 15 il ərzində 31 yeni stansiya tikilmişdir. 2500 meqavatlıq yeni güclər yaradılmışdır. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün bu, 95 faizdir. İçməli su 26 faiz təmin edilirdi, bu gün bu, 70 faizdir. 15 il ərzində 15 min kilometr avtomobil yolu tikilib.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir… Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihənin üçü istifadəyə verilib. Keçən il TANAP və Cənub Qaz Dəhlizinin açılışı olmuşdur və bunlar tarixi hadisədir.

İnnovasiyalara gəldikdə, bu gün dünyada Azərbaycan məhsulu kimi tanınan “ASAN xidmət” birendi vardır. Bunu biz yaratmışıq, bizim daxili intellektual məhsulumuzdur və iradəmizin ifadəsidir.

Biz bu illər ərzində kosmik dövlətə çevrildik, bu da bizim qürur mənbəyimizdir. Artıq 3 peykimiz var. Azərbaycan nadir ölkələrdəndir ki, kosmik kluba daxil olubdur.

Son 15 il ərzində dünyada müxtəlif proseslər gedib, dünya çox dəyişib. On beş il əvvəl vəziyyət tam fərqli idi, bu gün isə risklər, təhdidlər, münaqişə, müharibə ocaqları artır və bu meyil, əfsuslar olsun ki, güclənir. Bütün bu mənzərə fonunda bizim hökumət öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır.

Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb.

Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə-bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər.

Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları-Prezidentdən başlayaraq lap  aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir.

Azərbaycan indi müasir sənaye mərkəzinə çevrilibdir. Bu sahədə görüləcək işlər, əminəm ki, ölkəmizin qeyri – neft sektorunun inkişafını təmin edəcək, qeyri- neft ixracının həcmini böyük dərəcədə artıracaqdır.

Üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, IV Dövlət proqramı da artıqlaması ilə icra ediləcək.

Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək. Mən tam əminəm ki, bundan sonra da ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcəkdir.

Keçidlər