Şriftin ölçüsü :

Saytın rəngi :

TƏNTƏNƏLİ YUBİLEY YIĞINCAĞI

17 iyul 2018 | 16:00

Azərbaycan polisinin yaranmasının 100-cü ildönümü Yevlaxda da geniş qeyd edilmişdir.

Azərbaycan polisinin yaranmasının 100-cü ildönümü Yevlaxda da geniş qeyd edilmişdir. Müstəqil ölkəmizin memarı və qurucusu ulu öndərin  baş meydandakı abidəsini böyük məhəbbət və ehtiramla ziyarət edən, önünə təzə güllər düzən dövlət rəsmiləri, prokurorluq, hüquq-mühafizə orqanlarının  rəhbərləri və başda Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vaqif Müslümov olmaqla asayişimizin keşikçiləri sonra Şöbənin müasir inzibati idarə binasının geniş konfrans zalına yığışmışlar.

RPŞ-nin rəisi Vaqif Müslümov tribuna alaraq əlamətdar tarixi ildönümü və peşə bayramları münasibətilə rəhbərlik etdiyi kollektivi Azərbaycan Respublikası Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun təbrikinin mətni ilə tanış etmiş, daxili işlər orqanlarının bir əsr ərzində keçdiyi şanlı yolun ən yaddaqalan və tarixə qızıl hərflərlə həkk olunan məqamlarından danışmışdır. Dövlət başçısının ölkənin polis orqanlarının iş şəraitinin, maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirən Vaqif Müslümov çıxışını tədbirin rəsmi qonaqlarını auditoriyaya təqdim etməklə yekunlaşdırmışdır.

Çıxış üçün söz verilən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov gecəli-gündüzlü hər bir çətinliyə dözməklə  asayişimizin keşiyində duranların yorulmaz fəaliyyətləri sayəsində ölkəmizdə, o cümlədən rayonumuzda hökm sürən sabitlik və əmin-amanlıq mühitindən böyük razılıqla danışmışdır. Qeyd etmişdir ki, mövcud sağlam atmosfer, xalqımızın dincliyi və rahatlığı məhz dövlət başçısının yeritdiyi düzgün,  düşünülmüş və balanslaşdırılmış daxili və xarici siyasət sayəsində mümkün olmuşdur. ŞİH Başçısının birinci müavini çıxışının sonunda polis  əməkdaşlarına Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədovun təbrikini çatdırmış, onlara şəxsi həyatlarında möhkəm cansağlığı, xidməti vəzifələrində uğurlar arzulamış və asayişimizin keşiyində nümunəviliyi ilə fərqlənən bir neçə polis əməkdaşına Şəhər İcra Hakimiyyətinin fəxri fərmanını təqdim etmişdir.
Sonra Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Elxan Pənahov, DTX-nin Yevlax rayon şöbəsinin rəisi Şahin Cəlilov, “Kür” qəzetinin baş redaktoru,  YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Yusifqızı,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon  şöbəsinin rəisi polkovnik Elxan Heydərov, ehtiyatda olan polis mayoru Sabir  Əliyev və başqaları Azərbaycan polisinin Vətən, xalq qarşısındakı misilsiz xidmətlərini yüksək dəyərləndirmiş, asayişimizin etibarla qorunması və cinayətkarlığa qarşı mübarizədə onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulamışlar.
Tədbirin sonunda iştirakçıların təntənəli alqışları altında şöbənin bir qrup  əməkdaşına və polis veteranlarına fəxri fərman, pul mükafatı təqdim  olunmuşdur.

Keçidlər