Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 100

19 may 2018 | 16:00

BU GÜN DÜNYADA AZƏRBAYCAN İNKİŞAF MODELİ VAR

Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə müstəqillik tariximizin uğurlarının ümumiləşdirilmiş ifadəsini diqqətə çatdırır.
“Bugünkü Azərbaycan bir daha mənim sözlərimi təsdiqləyir ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi. Bunu deməyə əsas verən bizim müstəqillik tariximizdir”.
Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə Azərbaycan Xalq Cümhuriyyətinin rolunu yüksək dəyərləndirir və müstəqillik tariximizdə keçilən yola tarixi paralellər fonunda bir baxış keçirməyin zəruriliyini önə çəkir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşduğunu vurğulayan ölkə Prezidenti bildirir ki, ancaq tarix sanki təkrarlanırdı və iki ildən sonra yenə də müstəqilliyimiz üçün böyük təhlükələr yaranmışdı: “Əslində, müstəqilliyimizin ilk iki ili formal xarakter daşıyırdı. Çünki Azərbaycan öz müstəqil siyasətini tam miqyasda apara bilmirdi. Bundan əlavə, ölkəmizdə yaşanan siyasi, iqtisadi, hərbi böhran, torpaqlarımızın işğal altına düşməsi, o vaxtkı hakimiyyət tərəfindən vətəndaş müharibəsinin başlanması, əlbəttə, gənc dövlətimizi uçurum kənarında qoymuşdu. 1993-cü ildə Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının müdrikliyi ölkəmizi, dövlətimizi bu bəladan xilas etdi”.
Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamı, onun ardınca 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi bir daha bu gerçəkliyin təsdiqidir ki, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ən əsası tarixinə sahib çıxan xalq yenilməzdir.Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdir: “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır”.O llərdə qabaqcıl şəxsiyyətlər, mütəfəkkir adamlar, ziyalılar xalqımızda milli azadlıq, müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət yaradılmışdı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. ADR gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Lakin bu yaşananlar Azərbaycan xalqının azad, müstəqil yaşamaq istəyini söndürmədi, əksinə daha da alovlandırdı. 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Azərbaycanın bu günü üçün möhkəm təməl olan ADR-in fəaliyyətinə qısa baxışımız təbii ki, səbəbsiz deyil. Hər zaman qeyd olunduğu kimi, zaman hakim, tarix isə yaddaşdır. Məhz tariximizin yaddaşına söykənərək, Azərbaycan xalqının qəhrəmanlıq səhifələri ilə dolu olan tarixinin olduğunu söyləyir, bunu dünyaya çatdırırıq.
Müstəqillik tariximizə qısa nəzər salmaqda məqsədimiz budur ki, zəngin dövlətçilik ənənələrinə, tarixə malik olan xalqımız ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində diplomatik qələbəmizin, eyni zamanda, güclənən ordumuzun fonunda bu problem də öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, müstəqilliyimiz, suverenliyimiz daha da möhkəmlənəcək.

Keçidlər