Şriftin ölçüsü :

Saytın rəngi :

XALQ İLHAM ƏLİYEVƏ “HƏ” DEYİR!

12 aprel 2018 | 16:00

YEVLAXLILAR İNKİŞAFI, FİRAVANLIĞI VƏ SABİTLİYİ SEÇİRLƏR

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Yevlax rayon şöbəsinin üzvləri partiyanın təbliğat-təşviqat kampaniyası çərçivəsində aprelin 1-də şəhər stadionu qarşısındakı geniş meydanda seçicilərlə möhtəşəm Zirvə mitinq-görüşü keçirdilər.

Şəhər stadionu önündəki geniş meydana minlərlə yevlaxlı toplanmışdı. Onların əllərindəki bayraqlar və “İlhamla İrəli” şüarları dəniz kimi dalğalanır, qəlbinin arzusu ilə  burada bir araya gələn seçicilərin qətiyyət və iradəsindən xəbər verirdi.
Meydan xüsusi zövqlə, qarşıdan gələn mühüm siyasi kampaniyanın ovqatına uyğun olaraq dizayn edilmişdi.Mitinq iştirakçılarının əhval-ruhiyyəsi isə onların bir-birinə söylədiyi “Bayramın mübarək!” sözlərində əksini tapırdı.Mitinq-görüşü YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov açaraq bildirdi ki, cənab İlham Əliyev ulu öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı olaraq daim ölkəmizin inkişafı və xalqımızın rifahı üçün çalışıb. Onun həyata keçirdiyi möhtəşəm işlər dövlətimizin inkişafına və qüdrətlənməsinə xidmət edib. Məhz bu inkişafın davamlı olması üçün müdrik və qədirbilən xalqımız aprelin 11-də keçiriləcək prezident seçkilərində Azərbaycanın layiqli liderinə səs verəcəkdir. Bu gün hər birimiz Azərbaycan naminə YAP sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin  apardığı siyasətə dəstək olaraq, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək “İlhamla İrəli” addımlamalıyıq.

Milli Məclisin deputatı, respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev ilk öncə Yevlax seçicilərini salamladı. Bildirdi ki, bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, yurdumuzun əzəmətli inkişafı birbaşa ölkə Prezidenti, YAP sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki dövlətimizin başçısı ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib.Cənab Prezidentin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli  inkişaf yolu keçib, möhtəşəm tarixi zəfərlər qazanıb.

Onun çıxışının sanki davamı olaraq millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət qanunvericiliyi komitəsinin sədri Əli Hüseynli bu zəfərlərin davamlı olması üçün bütün seçiciləri aprelin 11-də səsvermə məntəqələrinə gedərək xalqımızın alternativsiz liderinə səs verməyə çağırdı. Ayrıca qeyd etdi: -Yevlax seçicilərinin bir araya gəldikləri gün – 2018-ci ilin 1 aprel tarixi olduqca əlamətdar və yaddaşlarda izini qoyan gündür. Çünki bu gün Yevlax seçicisi buraya Azərbaycanın bölgələrini yüksək səviyyədə inkişaf etdirən Dövlət Proqramlarının təşəbbüsçüsü və həyata keçirəni, Vətənimizi dünyada söz sahibi edən, onu tanıdan, onun mövqeyini ortaya qoyan Prezident İlham Əliyevin adına toplanıb. Olduca təbiidir. Prezidentimizin reallaşdırdığı məqsədyönlü siyasətin mərkəzində sənin, mənim, hamımızın… mənafeyi dayanır. Bütün Azərbaycan vətəndaşları kimi yevlaxlıların da prezidentliyə yeganə, vahid, alternativsiz namizədi YAP sədri, dahi Heydər Əliyev kursunun layiqli davamçısı, ölkəmizi zəfərlərdən-zəfərlərə qovuşduran cənab İlham Əliyevdir. Ona görə də hamınızı 11 apreldə baş tutacaq seçkilərdə partiyamızın namizədinə səs vermyə çağırır, sizi “İlhamla İrəli”yə səsləyirəm.
Mitinqdə tribuna alan YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova öz emosional çıxışında diqqətləri yaşadığımız bu günün necə dəyərli və unudulmaz olduğuna yönəltdi. Vurğuladı: – Elimizin, obamızın ağsaqqalları, ağbirçəkləri ömrün gilə-gilə əriyən anlarına baxıb deyiblər: Ötən günə gün çatmaz, calasan günü-günə. Biz isə deyirik, bax, elə günün bu günü, saatın bu saatı ötən illərin çoxuna dəyər.
Çünki milli bayraqlarla bəzənmiş, qələbə naxışları ilə süslənmiş bu gündə cənab Prezidentimiz İlham Əliyevə yenidən “hə” deməyə toplaşmışıq.
Seçicilər önündə söz alan YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri  Əli Quliyev diqqətə çatdırdı ki, seçicilərlə silsilə görüşlərdə aydın olur ki, hər bir seçici partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti barədə kifayət qədər məlumatlıdır. Eyni zamanda seçicilərin cənab İlham Əliyevin misilsiz və genişmiqyaslı fəaliyyəti ilə bağlı yüksək səviyyəli fikirləri bunu deməyə əsas verir ki, aprelin 11-də Azərbaycan xalqının seçimi yenə də cənab İlham Əliyev olacaq. Vətəndaşlar ölkədəki inkişafın, sabitliyin davam etməsi naminə yenə də cənab İlham Əliyevə səs verəcəklər.
Yevlax seçiciləri ilə “İlhamla İrəli” adlanan mitinq-görüşə respublikamızın tanınmış incəsənət xadimləri də gəlmişdilər.
Onlardan Nadir Qafarzadənin, Nazəninin, Bilal Əliyevin, Roza Zərgərlinin, İbrahim Borçalının, Zemfira İbrahimovanın, Mürsəl Səfərovun, Elşad Qarayevin, Üzeyir Mehdizadənin, gənc meyxana ustalarının ifaları seyrçilər tərəfindən maraqla qarşılandı.
Meydana yayılan şən, təravətli mahnılar müğənninin həmyerliləri tərəfindən böyük sevinc və alqışlarla qarşılandı. Respublikanın əməkdar artisti, opera səhnəmizin istedadlı Leylisi-Gülüstan Əliyevanın səsləndirdiyi nəğmələr ürəklərdə həzinlik və lirik duyğular oyatdı. Tez- tez sevgi ilə “Yevlaxım, Yevlaxım” deyən müğənnini seyrçilər alqışları ilə uzun zaman səhnədən buraxmadılar.
Beləcə yevlaxlılar Zirvə mitinq görüşündə möhtəşəm anlar yaşadılar.

Keçidlər