Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Məişət zorakılığına qarşı hüquqi mübarizə” mövzusunda tədbir keçirilmişdir

06 avqust 2024 | 19:43
Yevlaxda “Məişət zorakılığına qarşı hüquqi mübarizə” mövzusunda tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi “Gənc Hüquqşünaslar” İctimai Birliyinin təşkilatçılığı ilə “Yevlax Gənclər evi” Sosial Xidmət Müəssisəsinin inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Nurlan Süleymanov, “Gənc Hüquqşünaslar” İctimai Birliyinin layihə köməkçisi Nərmin Daşdəmirbəyli, vəkil Sima Yaqubova, hüquqşünaslar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Çıxışlarda bildirilmişdir ki, məişət zorakılığı kifayət qədər geniş yayılmış, çətin həll oluna bilən,ciddi bəzən də faciəli nəticələrə səbəb olan zərərli, həyati situasiyadır. Məişət zəminində törədilən zorakılıq mürəkkəb proses olub istər ayrı-ayrı fərdlər, istərsə də bütövlükdə cəmiyyət üçün ciddi nəticələrə gətirə bilər. Adətən məişət zorakılığına daha çox müdafiəsiz vətəndaşlar kateqoriyası məruz qalır: qadınlar, uşaqlar, ahıllar və əlilliyi olan şəxslər. Müvafiq sahədə çalışan tədqiqatçı və ekspertlərin əksəriyyətinin fikrincə, ailə zorakılıq zəncirini yaradır. Belə ki, məişət zorakılığının adi hala çevrildiyi ailələrdə böyüyən uşaqlar, bunu müəyyən mənada mənimsəyir və gələcəkdə quracaqları ailədə tətbiq edirlər.
Məişət zorakılığı anlayışına müxtəlif təriflər verilmişdir, lakin məişət zorakılığı inzibati və cinayət tərkibinə malik olduğu üçün onun mahiyyəti və növləri bu sahədə qəbul edilmiş xüsusi qanunlar vasitəsilə müəyyənləşdirilir. Məhz bu baxımdan mövcud problemin həlli istiqamətində ölkəmizdə 22 iyun 2010-cu il tarixdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Ailədə qadınlara qarşı müxtəlif nəzəriyyələr çərçivəsində problemin bir sıra səbəbləri göstərilmişdir. Ən əsas səbəb xarakter uyğunsuzluğudur. Belə səbəblər kimi qısqanclıq, ailənin maddi çətinliklərlə üzləşməsindən törəyən psixoloji gərginlik, nikah bağlamış cütlüklər arasında yaş fərqi, zərərli vərdişlərə aludəçilik göstərilə bilər.
Azərbaycanda məişət zorakılığı ilə bağlı dəqiq statistika mövcud deyil. Buna baxmayaraq, onun mövcudluğu aşkar faktdır. Məhz bu səbəbdən ölkədə mövcud problemin qarşısının alınması ilə bağlı kifayət qədər ciddi işlər görülmüş və görülməkdədir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda məişət zorakılığı ilə bağlı şikayətlərə baxan dövlət orqanlarının müəyyənləşdirilməsi, məişət zorakılığı barədə şikayətlərin araşdırılması, məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxıldıqda cinayət təqibi ilə yanaşı görülməli tədbirlər, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri əksini tapmışdır. Bununla yanaşı, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, mövcud qanunvericilik aktlarının və şikayət mexanizmlərinin tətbiqinin gücləndirilməsi, müvafiq qurumların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi və digər bu kimi tədbirlər məişət zorakılığının qarşısının alınması baxımından zəruridir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Keçidlər