Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

14 oktyabr 2022 | 13:37
Yevlaxda “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yevlax rayon Mərkəzi Xəstəxanasında barəsində maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, ŞİHB aparatının hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, Yevlax rayon Mərkəzi Xəstəxanasının, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax Nümayəndəliyinin, Yevlax “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin rəhbərliyi, məktəb direktorları və psixoloqlar iştirak etmişlər.
Tədbiri açan Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərdən, görülən işlərdən bəhs edərək bildirdi ki, xalqımızın gözəl adətləri çoxdur və bunlardan biri də müqəddəs dəyərlərə bağlı olan toy adətidir. O adət ki, onunla yeni bir ailənin təməli qoyulur. Təəssüflər olsun ki, bəzi toy məclisləri heç də gözəl bir ailənin təməlini qoymaq məqsədilə yox, müxtəlif maraqlar üçün qurulur. Əsasən də müxtəlif səbəblərdən qız uşaqlarının uşaqlıq həyatından alınaraq erkən nikaha cəlb edilməsi hal-hazırkı dövrümüzün aktual problemidir. Nəticədə bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalır. Bu cür tələsik qurulan ailələr isə bəzən uğursuz və bəzən də qızların ağır bioloji və psixoloji travma almalarına səbəb olur. Həmçinin erkən nikah qadının təhsil almasını məhdudlaşdırır. Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır:nikah könüllü və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilimiş həddə olmalıdır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib.
Lakin buna baxmayaraq, hələ də problemin olması bəzi insanların lazımi qədər maariflənmədiyini göstərir. Maarifləndirilmə sahəsində aparılan bütün tədbirlərin əsasında düzgün bilik və təşkilatçılıq dayanır. Bu prosesdə diqqəti müəllim-pedaqoqların fəaliyyətinə, həmçinin məktəb-valideyn işbirliyinin də mühim amillərdən biri olduğuna yönəltmək istərdim. Erkən nikahın qız uşaqlarının sağlamlığı üçün nə dərəcədə təhlükəli olduğunu anlamaq üçün ilk növbədə onun anatomik, fizioloji və psixoloji xüsusiyyətlərini bilmək lazımdır.
Bütün bu problemlər ciddi psixoloji hallara, ağır depressiya və hətta intihar cəhdinə gətirib çıxara bilər. Bu məlumatları almış valideyn göz görə-görə övladının, səbəb hər nə olursa-olsun bu cür əzab-əziyyətlərə qatlanmasına razı olmaz. Qızlar isə həm özlərinin, həm də dünyaya gətirəcəkləri uşaqların sağlamlığını hər şeydən üstün tutacaqlar. Nəinki qızlar, azyaşlı oğlanlar da erkən nigahın yaradacağı problemləri bildikdən sonra düşüncəli şəkildə bu addımı atmaqdan çəkinəcəklər. Sağlam təməllər üzərində qurulan hər bir ailə dövlətin və millətin böyük sərvətidir. Bu sərvətin artırılması və qorunub saxlanılması yolunda cəmiyyətin hər bir üzvü aktiv şəkildə iştirak etməlidir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev,həkim-ginekoloq Kəmalə Məmmədova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, psixoloqlar və məktəb direktorları çıxışlarında erkən nikahın uşaqların təhsil hüquqlarının pozulması baxımından, erkən yaşda nikaha daxil olan qızlar tərəfindən dünyaya gələn uşağın sağlamlığında, onun düzgün tərbiyə edilməsində ciddi problemlər yaratdığından, həmçinin rəsmi nikah olmadığı üçün sonradan hüquqi problemlərin meydana gəlməsinə şərait yaratdığına görə çox ciddi sosial problem olduğunu qeyd ediblər. Bildiriblər ki,erkən nikah problemi cəmiyyətimizin aktual problemlərindən biridir, bu uşaqların-həm qızların, həm də oğlanların inkişafına mənfi təsir göstərir. Erkən nikahlar qızların təhsil almaq həvəsini və imkanlarını azaldır, eyni zamanda reproduktiv sağlamlığa da təhlükə yaratdığı bildirilib.
Həmçinin qeyd edilib ki, Respublikamızda müvafiq qurumlar tərəfindən bu problemin aradan qaldırılması istiqamətində mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə işləri aparılır.
Keçidlər