Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilmişdir

29 mart 2024 | 17:00
Yevlaxda 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev bildirdi ki, xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xalqımızı məhv etmək olmuşdur.
Xalqımıza qarşı törədilmiş genosid, soyqırım uzun illər öz siyasi və hüquqi qiymətini almamış xalqdan gizlədilmişdir. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.
1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir, təkzibolunmaz arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı sübutlar aşkarlanır.
Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair bir sıra yeni faktlar üzə çıxıb. Bu faktların biri də 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılmasına qərar verdi. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışında bu çağırışı etdi ki, Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir. Təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. Üç il bundan əvvəl 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Tarixi ədalət və ərazi bütövlüyümüz bərpa edildi.
Məhz bunun nəticəsidir ki, 27 sentyabrda başlayan 44 günlük cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezidentiniz Ali Baş Komandanımız İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. 30 ilə yaxın həsrətdən sonra 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal olunmuş torpaqlarımız azad edildi və ərazi bütövlüyümüz bərpa olundu. Haqq öz yerini tapdı.
Daha sonra tədbirdə çıxış edən Yəldili kənd tam orta məktəbin direktoru Orxan Baxşəliyev, Duzdaq qəsəbə ümumi orta məktəbin direktoru Gülnar İsayeva və YAP fəalı Əlirza Abdullayev bildirdilər ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılmışdır. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət həqiqət anı yetişdi. Müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu dahi şəxsiyyətimiz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə erməni təcavüzkarlarının törətdiyi bu vəhşiliyə hüquqi-siyasi qiymət verildi və 31 Mart Soyqırımı dövlət səviyyəsində qeyd edilməyə başladı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2009-ci il tarixli müvafiq Sərəncamına əsasən Qubada soyqırımı qurbanlarının xatirəsinə Memorial Kompleks ucaldıldı. 2018-ci ildə isə 31 Mart Soyqırımının 100 illiyi haqqında cənab Prezident tərəfindən Sərəncam imzalanmışdır. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində şanlı Zəfərlə erməni təcavüzkarlarını məhv edərək bütün şəhidlərimizin qisasını aldıq və bütün dünyaya sübut etdik ki, biz müzəffər xalqın nümayəndələriyik.
Tədbirdə yekun nitqi ilə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Zəngəzurda,Qubada,Şamaxıda, Lənkəranda eləcə də digər şəhər və rayonlarda Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım törətmiş, on minlərlə azərbaycanlı qətlə yetirilmiş,itkin düşmüş, bir çox qədim binalar, tarixi abidələr, o cümlədən ziyarətgahlar, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası top atəşinə tutulmuş, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədələr almış və daşnak silahlı dəstələrinin karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitləri elə oradaca yandırılmışdır. Rafiq Əliyev qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Mart soyqırımı aktına hüquqi qiymət verilib. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz 44 günlük Vətən Müharibəsində düşməni ağır məğlubiyyətə uğratdı,düşmən diz çökdürüldü, kapitulyasiya müqaviləsi imzalamağa məcbur edildi. Qazanılmış Möhtəşəm Zəfər nəticəsində Ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş hər bir həmvətənlərimizin intiqamı alındı. 2023-cü ilin oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızı ucaltmaqla xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Xankəndi şəhərində xalqa müraciəti zamanı demişdi: “Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” Qeyd edilib ki, biz müzəffər xalq kimi parlaq Qələbə qazanmaqla tarixi ədaləti bərpa etdik. Şəhidlərimizin, soyqırımı qurbanlarının qisasını aldıq, onları qanı yerdə qalmadı.
Tədbir çərçivəsində “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar YAP Yevlax rayon təşkilatı tərəfindən keçirilmiş “Tarixi yaddaşımızdan silinməyən soyqırımı aktı” adlı yazı müsabiqəsində qalib olmuş partiya fəalları YAP Yevlax rayon Təşkilatının Fəxri Fərmanları ilə təltif olunmuşlar.
Keçidlər