12 NOYABR KONSTİTUSİYA GÜNÜDÜR
ƏSAS QANUNUMUZ
Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixli referendumunda qəbul olunmuş, həmin ilin 27 noyabrından qüvvədə olan Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümum- azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.Ölkəmiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın yaranması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığını arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
-Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
-Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
-vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
-xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
-ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
-ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Əsas Qanunun qəbulundan 7 il sonra-2002-ci il avqustun 24-də referendum keçirildi, Konstitusiyanın 24 maddəsinə əlavə və dəyişikliklər edildi. Həmin referendumla Konstitusiyaya edilmiş dəyişikliyə görə majoritar və proporsional seçki sisteminin birlikdə tətbiqi ləğv edilmiş və ümumi mojaritar seçki sistemi müəyyən olunub. Bundan əlavə, dəyişikliklərdə fövqəladə hallarda Prezident səlahiyyətlərinin baş nazirə keçməsini, həmçinin Prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu (50+1 faiz) prinsipi ilə hesablanmasını, hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsini, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsini, alternativ hərbi xidmət növünün formalaşdırılmasını, Respublika Prokurorluğuna və Ali Məhkəməsinə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinin verilməsini, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılmasını nəzərdə tuturdu.Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 2009-cu ildə də ümumxalq səsverməsi(referendum) keçirilib. Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib.Əsas Qanunumuzun qəbulundan 19 il keçir. Hər il xalqımız Konstitusiyanın qəbulu gününü bayram edir.
Bayramınız mübarək! Hər birinizi təbrik edirik.