2 iyul Azərbaycan Polisi Günüdür
2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.
24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.Dövlətin taleyi o zaman təhlükə altında ola bilər ki, onun gələcəyi barəsində fikirlər, ideyalar tükənsin. Dövlətin taleyi həm də o zaman təhlükə altında ola bilər ki, onun gələcəyi barəsində fikirlər, ideyalar olsun, lakin həmin fikir və ideyaları həyata keçirəcək hərəkətverici qüvvə, lider, rəhbər olmasın. Ölkəmizin bu günü və gələcək taleyi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin əbədiyaşar ideyaları, habelə bu ideyalara sədaqətlə xidmət edən, yeni dövrün tələblərinə uyğun olaraq ona yeni çalarlar əlavə etməklə zənginləşdirən möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızın fəaliyyəti müstəqil Azərbaycan dövlətinin sarsılmazlığının və inkişafının qarantıdır. Praqmatik düşüncə tərzi, müasir dövlət idarəçiliyi prinsiplərini demokratik inkişafın Azərbaycan modelinə tətbiqetmə onun fəaliyyətini rövnəqləndirən cəhətlərdir.
Şərqdə ilk dəfə demokratik respublika quran Azərbaycan xalqı və onun dövlətinin keçdiyi yol şərəfli və kəşməkəşli olduğu kimi, Azərbaycan polisinin həyatı və fəaliyyəti də eyni xarakterli olmuşdur. Daxili İşlər Orqanlarının başına çox bəlalar gəlib, çox işlər gətirilib. Zaman-zaman sərt sınaqlara çəkilən, repressiyalara məruz qalan, təxminən 70 il ərzində kommunist ideologiyasının birbaşa təsiri altında fəaliyyət göstərən Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da - sabiq iqtidarlar dövründə öz səlahiyyətlərindən kənara çıxmağa məcbur edilən ölkə polisi, demək olar ki, bütövlükdə qarşısında duran vəzifələri layiqincə yerinə yetirmişdir. Azərbaycan polisi ən çətin zamanlarda həmişə xalqın güvənc yeri olmuş, cinayətkarlığa qarşı mübarizə aparan, xalqın asayişini mühafizə edən bir orqan kimi hörmət və sayğıya layiq görülmüşdür. Onun keçdiyi şərəfli, ziddiyyətli və tarixi yol haqqında ümummilli lider Heydər Əliyev belə demişdir: "Bu tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də vardır. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu bizim xalqın tarixinin səhifələridir".
Azərbaycan polisinin arenada görünməsi xanlıqlar dövrünə təsadüf edir. Həmin vaxtlar xanlıqlarda xüsusi səlahiyyətlərlə fəaliyyət göstərən darğalar müəyyən mənada polisin funksiyalarını yerinə yetirmişlər.
Rusiya ilə İran arasında gedən müharibənin nəticəsi olaraq 1828-ci ildə imzalanan Gülüstan sülh müqaviləsinə görə Şimali Azərbaycan Rusiyaya birləşdirildi. Məhz həmin vaxtlardan ölkəmizdə polis rəsmi orqan kimi fəaliyyətə başlayıb. Tarixi məxəzlərin təsdiq etdiyinə görə, ilk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulmuşdur. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrdə fəaliyyət göstərməklə tədricən ölkə ərazisini bütövlükdə əhatə edib. O vaxt polis idarələri quberniya rəhbərliyinə tabe olmuşdur. O dövrün polisi xırda cinayət hadisələrinə baxmaqla, əgər belə demək mümkünsə, məhkəmə funksiyalarını da yerinə yetirmişdir. Belə vəziyyət 1918-ci ilin aprelinədək davam edib. Daşnak Şaumyanın rəhbərliyi ilə Bakı Xalq Komissarları Soveti yarananda daxili işlər komissarlığı da təsis edilib. Bolşevik Alyoşa Caparidze onun ilk rəhbəri olub.
Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra - 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsini Fətəli xan Xoyski tutmuşdur. Fətəli xan Xoyskidən sonrakı daxili işlər nazirləri Cavanşir Behbudov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Məmmədhəsən Hacınski və Mustafabəy Vəkilov olmuşdur.
1920-ci ilin aprelində bolşevik Rusiyası XI Qızıl Ordunun vasitəsilə Azərbaycanı işğal etdi. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov olub. Polisin adı da dəyişdirilərək milis adlandırılıb. Pristavlar işdən götürülüb, onların yerlərinə komissarlar təyin olunub. 1922-ci ildə 70 qəza milis rəisindən 93 faizinin heç orta təhsili də olmayıb. Şəxsi heyətin 75 faizi tam savadsız olub. O vaxtdan indiyədək Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsini 20 nəfər tutub.
Hüquq-mühafizə orqanlarının, o cümlədən də DİN və onun strukturlarının fəaliyyəti ilə bağlı xüsusi olaraq tənqid olunan mərhələ 1937-1938-ci illərin repressiya dövrüdür. Həqiqətən o illərdə bu orqanlarda işləyənlərin əksəriyyətinin günahı üzündən yox, o dövrdə aparılan dövlət siyasəti, o dövrün ideoloji prinsipləri nəticəsində insanlar günahsız qurban olublar, repressiyaya məruz qalıblar. Bu, tariximizin dəhşətli səhifələridir, illəridir. Minlərlə, on minlərlə insan, onların ailə üzvləri həbslər, repressiya nəticəsində, əsassız ittihamlar nəticəsində böyük məhrumiyyətlərə uğrayıblar. O da faktdır ki, 1920 - 1940-cı illərdə milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olmuş, 1937-39-cu illərdə isə onun yalnız rəhbər heyətindən, təxminən 320 nəfər repressiyaya məruz qalmışdır. 1941 - 1945-ci illər müharibəsində isə 800 nəfərə yaxın milis əməkdaşı cəbhəyə yollanmış, böyük əksəriyyəti geri dönməmişdir.
Azərbaycan polisinin 1988-ci ildən bu günə qədər olan tarixi xüsusi bir dövrdür və o, zənnimcə, aşağıdakı mərhələlərə bölünməklə tədqiq oluna bilər:
- 1988-ci ilin fevralından 1991-ci ilin oktyabrınadək - dövlət müstəqilliyi elan olunana qədərki dövr;
- 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək - yəni Qurtuluş Gününə qədər olan dövr;
- 1993-cü ilin iyunundan bu günədək olan dövr.
Bu tarixi dövrlərin hər birində polisin fəaliyyətini xüsusi şərtləndirən məqamlar olmaqla yanaşı, bu fəaliyyəti bir-birindən kəskin surətdə ayıran və qırmızı xətlə keçən mahiyyət fərqi də var. Ümummilli liderimiz Azərbaycan polisinin 80 illik yubileyində çıxış edərək dedi: "Azərbaycan Daxili İşlər Nazirliyinin, milis, polis orqanlarının tarixində son on il çox mürəkkəb, ziddiyyətli, çətin və ağır dövr olmuşdur. Bu on ildə Azərbaycanın Daxili İşlər Nazirliyində sədaqətlə xidmət edən insanlar öz vətəndaşlıq borcuna sadiq qalmış, öz xidməti vəzifələrini layiqincə yerinə yetirmişdir. Ancaq eyni zamanda, bu müddətdə Azərbaycanda gedən ictimai-siyasi proseslərin ucbatından və ayrı-ayrı vəzifəli şəxslərin etdikləri cinayətin, xalqa xəyanətin nəticəsində Daxili İşlər Nazirliyinin bir çox əməkdaşlarının özləri cinayətkarlara çevrilmiş, peşələrinə ləkə gətirmiş, ümumiyyətlə Daxili İşlər Nazirliyi orqanlarının işinə böyük zərbələr vurmuşlar. Daxili İşlər Nazirliyi orqanlarında nə qədər mənfi hallar olmuşdusa da, bu orqanlarda çalışan şəxsi heyətin əksəriyyəti öz mənliyini qorumuş, Vətənə, xalqa sədaqətini daim saxlamışdır". Zaman təsdiq edir ki, böyük öndərin verdiyi bu qiymət heç vaxt dəyişməyəcək. Azərbaycan polisinin fəaliyyətinin dünəni də, bu günü də, gələcəyi də həmin etalonun qəlibinə salınmaqla qiymətləndiriləcək. Ali Baş Komandan cənab İlham Əliyev həmin dövrü belə qiymətləndirib: "Əfsuslar olsun ki, müstəqillik bərpa olunduqdan sonra polis orqanlarında vəziyyət ürəkaçan deyildi. Məhz o illərdə ən böyük cinayətləri törədən insanlar polis orqanlarının rəhbər işçiləri, Daxili İşlər Nazirliyinin rəhbərləri idilər". Yalnız üçüncü dövrdən başlayaraq Azərbaycan DİN sözün əsl mənasında müstəqil dövlətin nazirliyi olaraq qanunlarla müəyyən edilmiş vəzifələri icra edən müstəqil dövlət orqanı kimi fəaliyyət göstərdi və bu gün də göstərməkdədir. Ümummilli liderə təxminən üç il lazım gəldi ki, həm ölkədə ictimai-siyasi sabitlik bərqərar olunsun, həm də kriminogen duruma nəzarət edilsin.
Transmilli cinayətkarlıq, beynəlxalq terrorizm, narkobiznes və insan alveri XXI əsrin bəlalarıdır və bu baxımdan hüquq-mühafizə orqanlarının, o cümlədən də DİN və onun strukturlarının qarşısında yeni və çox mürəkkəb vəzifələr durur. Daxili İşlər Nazirliyi öz fəaliyyətini ictimai təhlükəsizliyin təmini, cinayətkarlığın qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına dair ümumdövlət prioritetlərinə, qanunun aliliyinə söykənən milli strategiya əsasında qurur. Qanunvericiliyin humanistləşdirilməsi, sosial-hüquqi nəzarətin səviyyəsinin artırılması şəraitində fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə, habelə kriminogen duruma təsir göstərilməsi mexanizminə, informasiya-texnologiya vasitələrinin keyfiyyətcə yenidən qurulmasına dair proqram sistemli şəkildə, ardıcıllıqla həyata keçirilir. Qanunçuluğun, xidməti, icra və uçot-qeydiyyat intizamının, daxili təhlükəsizliyin möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə zəruri tədbirlər görülür. Kriminogen durum daim izlənilməklə nəzarətdə saxlanılır. Əməliyyat mövqelərinin, informasiyanın dərin işlənilməsi və reallaşdırılmasının gücləndirilməsi yoluyla onun dəyişməsinə qabaqlayıcı, preventiv reaksiya göstərilməsi təmin edilir.
Cinayətkar aləm demokratik dəyərlərə xələl gətirilmədə daim artan hüquq-mühafizə təzyiqini hiss etməkdədir. Aparılan iş proqnozlaşdırılan nəticələri gətirir. Son illər ərzində Azərbaycan Respublikasında cinayətkarlığın azalması müşahidə edilir. Ağır cinayətlərin, qəsdən adamöldürmələrin, quldurluqların, azyaşlılar tərəfindən törədilən hüquq pozuntularının sayı aşağı düşür.
Bu gün Azərbaycan DİN dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmaq yolunu tutub. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nailiyyətlərin rəhnidir. İndi Azərbaycan polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, habelə digər beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunur. Amma nə yazıq ki, cəmiyyətin demokratik inkişaf tendensiyası arzu etdiklərimizlə üst-üstə düşmür. Reallıq utopik sosializm və utopik kommunizmin uydurduğu "cinayətsiz cəmiyyət" ideyalarını rədd etsə də, bəzi xəyalpərvər qüvvələr, nöqsanlı və qərəzli düşüncə sahibləri hələ də cinayətkarlıq olmayan ölkə və cəmiyyət təfəkkürünün girovlarıdır. Hər kəs bilməlidir ki, cinayətkarlığın kökünü tamamilə kəsmək mümkün deyil. Amma cinayətkarlığa qarşı uğurla mübarizə aparmaq, kriminogen durumu nəzarətdə saxlamaq olar. DİN və onun strukturları məhz bu vəzifələrin öhdəsindən gəlməyi bacarırlar.
Məşhur bir deyim var: "Cəzalandırılmış cinayətkar bütün yaramazlar üçün nümunədir. Günahsız cəzalandırılmış isə bütün namuslu insanların vicdan məsələsidir". Bu deyimin qayəsində haqqın, ədalətin zəfər çalmasının labüdlüyü durur. Ölkənin hüquq-mühafizə orqanlarının, o cümlədən də Azərbaycan polisinin məhz bu prinsip əsasında fəaliyyət göstərməsi dövlət başçısının bir nömrəli tələbidir.
Dağlıq Qarabağda, daha sonra isə ətraf rayonlarda erməni və sovet hərbi birləşmələrinə qarşı duran Azərbaycan polisi vətən torpaqlarının müdafiəsində öz tarixi salnaməsinə şanlı səhifələr yazmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə daxili işlər orqanlarının 922 əməkdaşı şəhid, 544 nəfəri əlil olmuşdur. Vətən qarşısında misilsiz xidmətlərinə görə 65 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.