31 MART SOYQIRIMI: erməni vəhşiliyinin iç üzü
Son 2 əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız görünməmiş məhrumiyyətlərə məruz qalıb.Mərhələlərlə gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınıb. Xalqımıza məxsus minlərlə tarixi – mədəni abidə və yaşayış məskənləri dağıdılaraq yerlə-yeksan edilib.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhərləri, Göyçay qəzalarında, Qarabağ, Zəngəzur və Naxçıvanda vaxtaşırı xalqımıza qarşı qırğın, terror və digər zorakılıq aktları həyata keçiriblər. Eməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetiriblər. Yaşayış yerlərini talan edərək viran qoyub, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıdaraq yandırıblar.
Heydər Əliyev Mərkəzinin akt salonunda düzənlənən tədbirdə öz məruzəsinə Mərkəzin direktoru Aygün Qasımova bu fikirlərlə başladı.
Sonra tribuna alan Mədəniyyət Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev bildirdi: 1918 -ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 il ötməsinə baxmayaraq bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxıb. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusilə genişlənib. Bu işğalçı siyasət Azərbaycan xalqını yer üzündən silmək kimi iyrənc niyyətləri bütün çılpaqlığı ilə üzə çıxarıb. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri soyqırımı haqqında bizə çatan tarixi faktlar Şamaxı, Quba, Muğan, Qarabağ, Zəngəzur qəzalarında, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Onun sözlərinin davamı olaraq MKS-nin direktor müavini Tofiq Həsənov özünü dünyada məzlum və əzabkeş adlandıran ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər törətdiyindən faktların dili ilə söz açaraq vurğuladı : – 1919-cu ildə hökumətin qərarı ilə 31 Mart Milli Matəm Günü elan edilmişdi.Lakin bu günün qeyd olunmasını bizə qadağan etdilər.1998 -ci il martın 26-da isə ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə Fərman verdi. Bu Fərmanla 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Heydər Əliyev Mərkəzinin direktor müavini Hüseyn Hüseynov 31 mart soyqırımında erməni vəhşiliyinin iç üzünün açıldığını, xalqımızın əbədi düşməninə çevrilən bu vandalların əməllərindən ürəkağrısı ilə bəhs etdi.
Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Elmir Həsənov ermənilər tərəfindən törədilən bu qırğının vacib məqamlarına diqqət çəkən maraqlı və emosional çıxış etdi. Açıqladı: – Bakıda azərbaycanlılara qarşı soyqırımı aprelin 2-də gecə yarısı dayandırıldı. Daşnak Stepan Şaumyan Bakıdakı qırğında qəddarlığı ilə seçilən bir neçə erməni dəstəsini Şamaxıya göndərdi. Burada da ermənilər xüsusi vəhşilik törədərək, qadınları, qızları, uşaqları təhqir edərək, qətlə yetirdilər. O bildirdi ki, S.Şaumyanın soyqırım ideyasını əslində 70 il ərzində adına “dahi rəhbər” deyilən V.İ.Lenin dəstəkləmişdi.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Fidan Məmmədova toplantıda çıxış edərək müasir gəncliyin bu faciəni unutmağa haqqı olmadığını bildirdi, gec-tez Ali Baş Komandanın əmri ilə güclü Milli Ordumuzun erməni əsarəti altında inləyən qədim yurd yerlərimizi işğaldan azad edəcəyinə inamını çatdırdı.
Sonda iştirakçılar 31 martda törədilən erməni vəhşiliyinin iç üzünü açan sənədli filmə tamaşa etdilər.