AQRAR SAHƏ: “AĞ QIZIL-2017”
Artıq xeyli vaxtdır ki, rayonumuzun aqrar sektorunda çalışanlar aylardan bəri tarlalarda çəkdikləri zəhmətin, sərf etdikləri gərgin əməyin şirin bəhrəsi kimi becərdikləri “ağ qızıl”ın kütləvi yığımına start vermişlər Bolluq-bərəkət qədəmli payız fəsli öz gəlişi ilə təbiəti qızılı rəngə boyamaqla yanaşı həm də elimizin qiymətli sərvəti kimi şöhrət qazanmış ucsuz-bucaqsız pambıq tarlalarının inkişafına və pambığın optimal müddətdə yetişməsinə də həlledici təsir göstərmişdir. Məhz bu fəsildə kolların üzərindəki saysız-hesabsız qozalar sürətlə pardaqlanıb açılır, tarlalar zümrüd libasını dəyişərək ağ günlərdən xəbər verən ağ örpəyə bürünür. Pambıq yığımı kampaniyasına adətən sentyabr ayında geniş vüsət verilsə də rayonumuzun bir sıra kəndli-fermer təsərrüfatlarında erkən açılmış məhsulun əllə yığımına hələ avqust ayından başlanmışdır.Belə pay torpaq sahiblərindən biri də Qoyunbinəsi kəndindən olan iş adamı, kəndli-fermer təsərrüfatının rəhbəri İsrayıl Hüseynovdur. Uzun illərdir ki, taleyini iqtisadiyyatın başlıca şahələrindən olan kənd təsərrüfatına, mal-qara saxlamağa, əkinə-biçinə, dənli və texniki bitkilər yetişdirməklə ərzaq bolluğu yaratmağa həsr etmiş bu zəhmət adamı barədə ən müfəssəl məlumatı “MKT-Yevlax” filialının direktoru, ömrü-günü kənd-kəsəkdə, pambıq əkini sahələrində keçən Şaban Həsənovdan aldıq. O, bildirdi ki, pambıqçılığın sərfəli olduğu qənaətinə gələn İsrayıl bizimlə müqavilə bağlayaraq bu ildən etibarən öz kənd təsərrüfatı biznesini pambıqçılıqla daha da genişləndirmək arzusunda olduğunu dedi. Beləliklə öhdəsində olan pay torpaq sahəsinin 12 hektarında yaz-əkin kampaniyası dövründə “ağ qızıl” plantasiyası saldı. Şaban müəllim bizi “Niva” markalı xidməti minik maşını ilə Qoyunbinəsi kəndinə-haqqında xoş niyyətlə söhbət açdığı İsrayılın pambıq tarlasına apardı. İlk öncə yolumuzu məhsulu əllə yığılması nəzərdə tutulmuş 5 hektarlıq pambıq sahəsindən saldıq. Sentyabrın 12-nə təsadüf edən bu səfər zamanı kəndin zəhmət adamları, qəlblərinin hökmü ilə və ailə büdcələrini daha da artırmaq məqsədi ilə böyük həvəslə sahələrə çıxmışdılar.Gəlişimizin məqsədini bildirdikdə pambıqçı qız-gəlinlərdən Xəyalə Kərimova, Rahilə Məhərrəmova, Günel Məmmədova, Aynurə Ağayeva, Nuridə Ağayeva və onlarla birlikdə pambıq yığan qardaşımız Əlfayım Abışov ilk ürəkdolusu alqışlarını möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına ünvanladılar. Dövlət başçısının son illər ölkədə pambıqçılığı, bütövlükdə aqrar sahəni inkişaf etdirməklə insanların peşə məşğuliyyətini təmin etmək, üstəlik ailə büdcələrini artırmaq, yaşayış güzaranlarını yaxşılaşdırmaq üçün göstərdiyi müstəsna qayğı və diqqətdən hədsiz razı qaldıqlarını söylədilər. Onlar iş adamı, həmkəndliləri İsrayıl Hüseynovun xeyirxahlığından, hamıya qarşı səmimi, həm də çörək verən adam olduğundan danışmağı da unutmadılar. Elə bu məqamda İsrayıl da söhbətinin üstünə gəlib çıxdı. Hamı ilə görüşüb pambıqçılarla hal-əhval tutduqdan sonra sevincini gizlədə bilməyərək dedi ki, indiyədək çəkdiyimiz zəhmət hədər getməyib. Gördüyünüz kimi sahəmizdə pambıq aşıb – daşır. Bir neçə gündür ki, əllə pambıq yığımına başlamışıq. Qapanın başındaca onların topladıqları pambığın haqqı ödənilir. Gördüyünüz bu qız-gəlinlərin əlləri də yığdıqları “ağ qızıl” kimi qızıldır. Hamısı sürət ustası kimi tanınır. Hər biri gündə qapana ən azı 120-150 kiloqram məhsul qoyur. Hələlik sahələrə az adam çıxır. Ancaq kənddə bizim kollektivə qoşulmaq, əlavə gəlir əldə etmək istəyənlər çoxdur. Ehtiyac yaranarsa onların da gücündən istifadə edəcəyik. Köməyə gələnləri pambıq sahəsinə gətirib-aparmaq üçün xüsusi nəqliyyat vasitəsi də ayırmışıq. Sizi inandırıram ki, bu gedişlə hər hektarın məhsuldarlığı 35-40 sentnerdən aşağı enməyəcək.Əldə etdikləri uğurlarda “MKT-Yevlax” filialının direktoru Şaban Həsənovun aqronom Məhərrəm Hüseynovun xidmətlərinin böyük olduğunu xüsusi vurğalayan fermer təsərrüfatının rəhbəri bildirdi ki, onların zəngin mütəxəssis məsləhətləri ilə tezlilklə yığımı maşınla nəzərdə tutulmuş 7 hektarlıq pambıq sahəsində defolyasiya (yarpaqların dərmanla tökdürürlməsi) işi aparılacaqdır. Sonra bol məhsullu tarlaları gəzirik. Ölkəyə valyuta gətirəcək el sərvətinin bolluğunu gördükcə ürəyimiz riqqətə gəlir.Cəmi bircə təsərrüfatın pambıq tarlalarında qarşılaşdığımız xoş və ürəkaçan mənzərədən sonra qətiyyətlə əmin olduq ki, rayonumuzun pambıqçıları cari ildə əkib-becərdikləri 2168 hektar pambıq sahəsindən 4000 tondan çox mühüm strateji əhəmiyyətli məhsul toplayıb emal müəssisələrinə təhvil verməklə rekord nəticəyə imza atacaqlar İşiniz avand, məhsulunuz bol, gəliriniz çox olsun, əziz pambıqçılar!