Şriftin ölçüsü :

Saytın rəngi :

TƏHSİL NAZİRLİYİNİN ÜMUMİ VƏ MƏKTƏBƏQƏDƏR TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ AYDIN ƏHMƏDOV:

19 sentyabr 2017 | 16:00

-Şəhər Təhsil Şöbəsinin müdirinin məruzəsi son illərdə hazırlanan ən yaxşı təhlili məruzədir. Məruzənin yerli “Kür”   qəzetində dərci onun rayonun bütün pedaqoji ictimaiyyətinə çatdırılmasına imkan verər.

Burada ali məktəblərə qəbul və buraxılış imtahanları haqqında danışıldı. Uğurlar da sadalandı, nöqsanlar da göstərildi. Yaxşı olardı ki, qəbul və buraxılış imtahanlarının nəticələri yerlərdə geniş müzakirə olunsun, nöqsanlar hər bir müəllimə çatdırılsın.

Unudulmamalıdır ki,buraxılış imtahanlarında nəticələrin zəif olması təkcə müəllimlərin yox, eyni zamanda məktəb rəhbərlərinin işinin düzgün qurulmaması ilə əlaqədardır.

İbtidai təhsil ümumilikdə təhsilin taleyinə təsir göstərən bir mərhələdir. İbtidai təhsil səviyyəsində siniflərdə  əlaçıların sayı  çoxluq təşkil etdiyi halda ümumi orta və tam orta təhsil səviyyələrində onların sayı azalır. Səbəb nədir, bunun qarşısını necə almaq olar? Pedaqoji şuralarda bu məsələ müzakirə olunmalı, suallar cavablandırılmalıdır.

Digər bir məsələ . Məktəbdaxili qiymətləndirmədən istifadə. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Qiymətləndirmənin növlərindən səmərəli istifadə edilməlidir. Lakin müəllimlər yalnız summativ qiymətləndirmədən istifadə edir, digər iki -diaqnostik və formativ qiymətləndirməyə az yer  verirlər.

Hər bir məktəb üzrə şagird kontingentinin optimallaşdırılması zəruridir. Məktəb rəhbərləri bu işə çox ciddi yanaşmalıdırlar.

Bildiyiniz kimi, ötən dərs ilindən məktəbəhazırlıq qruplarının fəaliyyətinə start verilib. Biz təhsilin inkişafından danışırıqsa həm məktəbəhazırlıq qruplarında,  həm də təmayül siniflərdə təhsilin keyfiyyətlə  təşkil olmasına nail olmalıyıq.

IX siniflərin buraxılış imtahanları iki fəndən – Azərbaycan dili və riyaziyyatdan aparılır. Nəticələrin təhlili diqqəti ibtidai siniflərdə həmin fənlərin tədrisinin keyfiyyətini artırmağın vacibliyinə yönəltməyi tələb edir. Odur ki, ibtidai sinif müəllimlərinin tədris dili və riyaziyyat fənlərindən savadlılıq səviyyəsinin müxtəlif yoxlama formalarından istifadə edilməklə araşdırılması vacibdir.

Bir məsələ barəsində də fikirlərimi auditoriyaya çatdırmaq istərdim. Çox vaxt məktəb rəhbərlərinin Əmək Məcəlləsi haqqında yetərincə məlumatlı olmaması problemlərə yol açır. Odur ki, onların bu sahədə məlumatlılıq səviyyəsi testlər vasitəsilə yoxlanılmalıdır. Təcrübə göstərir ki, bəzən təhsil müəssisəsi rəhbərləri idarəetməni yaxşı bilmirlər,  bu üzdən də  əmək məzuniyyətləri düzgün verilmir. Nəticədə narazılıq yaranır. Məktəbi heç kimin hüququna toxunmadan idarə etmək vacibdir.

Bəzən kurikulumun ləğvindən söhbət gedir. Kurikulum niyə ləğv olunmalıdır? Kurikulum yalnız sənədin adıdır. O yenilənmiş proqramdır. Nə üsul, nə də metod deyil. Odur ki, onun ləğvindən də söhbət gedə bilməz.

Bədii ədəbiyyatın insan həyatında, onun dünyagörüşünün formalaşmasında rolu olduqca böyükdür. Amma təəssüf hissilə demək lazımdır ki, bu gün biz şagirdlərin mütaliə vərdişlərinin zəif olmasından narahatıq. Bu vərdişi aşılamaq, inkişaf etdirmək üçün tədbirlər  görmək lazımdır. Məktəb kitabxanalarında bəzən latın qrafikası ilə nəşr olunmuş kitabların qatı açılmır, məktəbli onu alıb  oxumur.

Məktəblərdə psixoloji xidmətin səviyyəsini artırmaq lazımdır.

Məruzədə Yevlaxın müəllimlərinin biliklərininin diaqnostik qiymətləndirilməsindən də ətraflı danışıldı. Məktəb rəhbərləri diaqnostik qiymətləndirmənin nəticəsinə görə dərs bölgüsü aparmalıdırlar. Müəllim az əmək haqqı alırsa bunun günahını özündə görməlidir. Çünki onun diaqnostik qiymətləndirmədə nəticəsi aşağıdırsa, ixtisasını zəif bilir deməkdir, belə olan halda isə əməkhaqqının az olması təbiidir.

Mən çıxışımın sonunda hamınızı yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, çətin və olduqca şərəfli işinizdə uğurlar arzulayıram.

Keçidlər