AQRAR SAHƏ
Ötən ilin ilk günlərində ölkədə qeyri-neft sektorunun, xüsusilə pambıq, barama, çəltik və tütün istehsalının inkişaf etdirilməsinə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dövlət səviyyəsində xüsusi önəm verməsi aqrar sahədə çalışanların, pay torpaq sahiblərinin, fiziki və hüquqi şəxslərin fəaliyyətlərinə yeni stimul və imkanlar yaratdı. Ölkədə cənab Prezidentin çağrışına ilk qoşulanlardan biri də rayonumuzun əmək adamları oldular. Belə ki, yola saldığımız 2016-cı ildə rayonumuzun pambıqçıları böyük uğura imza atdılar. Hər hektardan götürülən məhsuldarlığa görə isə respublika pambıqçıları arasında birinci oldular. Pambıqçılığın inkişafı sahəsində sınaq ili kimi xarakterizə olunan 2016-cı ildə rayonumuzun 85 kəndli-fermer təsərrüfatı “ağ qızıl” əkib-becərmək istəyi ilə “MKT-İK” ASC Yevlax filialı ilə müqavilə bağlamışdılar. Nəticədə dövlətə 3700 tona yaxın qiymətli texniki bitki olan “ağ qızıl” yetişdirib təhvil verdilər. Müvəffəqiyyətin təmin edilməsində Əfşar Həşimovun,Vaqif Məmmədovun, Nicat Quliyevin, Oktay Əşrəfovun, Zöhrab Həşimovun, Fərhad Əliyevin başçılıq etdikləri təsərrüfatların böyük rolu olmuşdur Beləliklə təkcə bir ilin təcrübəsində pambığın sərfəli və qazanc gətirən məhsul olduğu bir daha öz təsdiqini tapdı.
2017-ci ilin ilk ayını yaşadığımız bir vaxtda cari ilin pambıq məhsulunun bünövrəsini qoymaq üçün “MKT- İK” ASC Yevlax filialına müraciət olunub-olunmaması ilə maraqlandıq. Eşitdiyimiz cavab həqiqətən ürəkaçan oldu. Təsəvvür edirsinizmi, hələ yaz-əkin kampaniyasına-çiyid səpininə başlanmasına 3 aya yaxın vaxt qalmasına baxmayaraq yanvarın 17-dək 169 nəfər pambıq əkib-becərmək istəyi ilə qəbul məntəqəsi ilə ikitərəfli müqavilə bağlayıb. Bu təşəbbüsə hətta indiyədək başqa kənd təsərrüfatı bitkiləri yetişdirənlər və şəhərli pay torpaq sahibləri də qoşulublar. Şəhər sakini pay torpaq sahibi Şahlar Vəliyev, Aran qəsəbəsindən Arzu Səfərov, Cırdaxan kəndindən Kamal Həsənov və adlarını çəkmədiyimiz onlarla torpağa bağlı insanlar bu il öz təsərrüfatlarını pambıqçılıq üzərində qurmağa üstünlük veriblər. Qarşıdakı mövsümdə 3000 hektarda “ağ qızıl” yetişdirməyi nəzərdə tutan Yevlax pambıqçıları artıq 1989 hektarda pambıq əkini üçün müqavilə imzalayıblar. Məntəqənin mütəxəssisləri mövsüm başlananadək bu göstəricinin daha da artacağını dedilər.