AQRAR SAHƏ
Ölkəmizin pambıqçılıqla məşğul olan təsərrüfatlarında 2016-cı ilin “ağ qızıl” məhsulu sürətlə yığılır. Rayonumuzun pambıqçıları da yetişdirdikləri qiymətli sərvəti vaxtında və itkisiz toplayıb tədarük məntəqələrinə və emal müəssisələrinə təhvil vermək üçün bütün qüvvələrini bu istiqamətə yönəltmiş, işlərinin əsas ağırlıq mərkəzi olaraq ağ örpəyə bürünmüş tarlaları seçmişlər. Sevindirici haldır ki, aqrar sahədə çalışanların aylardan bəri çəkdikləri zəhmət hədər getməmiş, ucsuz-bucaqsız sahələrdə bol məhsul yetişmişdir. Bu isə neçə-neçə kəndli soydaşlarımızın maddi durumunun, sosial şəraitinin daha da yaxşılaşması üçün sərfəli və əlavə qazanc mənbəyi deməkdir.
Payız bolluq-bərəkət fəsli olsa da, bu fəsildə havaların qeyri- sabit, yağmurlu keçməsi böyük zəhmət bahasına hasilə gətirilmiş qiymətli el sərvətinin vaxtında və itkisiz toplanmasını əngəlləyə bilər. Ona görə də pambıqçılıqla məşğul olan 83 kəndli – fermer və innovasiya fermer təsərrüfatlarının kollektivləri əlverişli keçən hava şəraitindən səmərəli istifadə edir, yığımın tempini durmadan artırırlar. Dövlətimizin xüsusi diqqət və qayğısından, onlar üçün edilən güzəştlərdən, ayrılan subsidiyalardan məqsədyonlü bəhrələnən zəhmət adamları 2016-cı ilin “ağ qızıl”ı üçün ilin əvvəlində çiyid səpdikləri 1435 hektardan 3000 ton məhsul götürəcəklərini təxmin etmişdilər. Ancaq real vəziyyət daha bol məhsuldan xəbər verir. Təkcə onu demək kifayətdir ki, “MKT-İK” ASC- nin qəbul məntəqələrinə oktyabrın 7-dək 1328 tondan çox qiymətli xammal təhvil verilmişdir. Pambıqçıları həvəsləndirən, onların ürəyincə olan təqdirəlayiq cəhətlərdən biri də təhvil verdikləri məhsulun haqqının onlara yerindəcə nağd olaraq ödənilməsidir.
Uzun illər Pambıqtəmizləmə zavodunda çalışmış, hazırda Yevlax qəbul məntəqəsinin məsul işçisi kimi fəa- liyyət göstərən Şaban Həsənov pambıqçılıq sahəsində böyük təcrübəsinə əsaslanaraq bildirdi ki, hələ tarlaların demək olar ki, üçdə bir hissəsinin məhsulu toplanıb. Ağappaq tarlalar isə rayonumuzun pambıqçılarının sınaq ilində daha uğurlu göstəricilərə nail olacaqlarına işarədir. Ş. Həsənov rayonumuzun qabaqcıl pambıqçılarının, kəndli – fermer təssərrüfatı rəhbərlərinin adlarını da çəkdi. Vurğuladı ki, mövsümün əvvəlindən qəbul məntəqəsinə Nicat Quliyev (Aran qəsəbəsi) 30 hektardan 104, 8 ton, Vaqif Məmmədov (Aran qəsəbəsi) 30 hektardan 101 ton, Mahir Əsgərov (Bünyadabad kəndi) 11 hektardan 35 ton, Qurbanəli Nağıyev (Bünyadabad kəndi) 4 hektardan 10,3 ton, Ceyran Hüseynova (Bünyadabad kəndi) 2 hektardan 4,3 ton, Əliyar Əsgərov (Bünyadabad kəndi) 1,5 hektardan 6,3 ton mühüm strateji əhəmiyyəti olan məhsul təhvil veriblər. Gördüyünüz kimi, məntəqəyə gələn məhsulların hesabına pambıq tayalarının sayı getdikcə artır.
Bir sözlə, rayonumuzun zəhmət adamları, torpağa bağlı insanları pambıqçılığın inkişafı sahəsində əvvələr qazandığımız şöhrəti qaytarmaq üçün var qüvvələri ilə çalışır, gələcək illərdə daha möhtəşəm qələbələr qazanmağın etibarlı bünövrəsini elə sınaq ilindəcə qoymaq uğrunda əzmkarlıq nümayiş etdirirlər.
Məhsulunuz bol, üzünüz yetişdirdiyiniz pambıq kimi ağ olsun, pambıqçılar!