YEVLAX ŞƏHƏRİNİN BAKI-QAZAX MAGİSTRALI-SƏMƏDABAD-QARAMƏMMƏDLİ-QARAMANLI-GÖYÜK AVTOMOBİL YOLUNUN TİKİNTİSİ İLƏ BAĞLI ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli- Qaramanlı-Göyük avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon (üç milyon səkkiz yüz min) manatı Yevlax Şəhər İcra Hakmiyətinə ayrılsın…
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2014-cü il
2014 – CÜ İL – FAKTLAR VƏ RƏQƏMLƏRİN DİLİ İLƏ
ÜMUMDAXİLİ MƏHSUL
Hesabat ilində ümumdaxili məhsulun həcmi 518,2 milyon manat olmuşdur ki, bu da 2013-cü illə müqayisədə 48,1 milyon manat və yaxud 10,2 faiz çox deməkdir.
Ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunun payına düşür.
Ümumdaxili məhsulun 20,9 milyon manatını sənaye, 76,5 milyon manatını kənd təsərrüfatı, 102,3 milyon manatını tikinti, 256,3 milyon manatını ticarət, 6,4 milyon manatını nəqliyyat, 1,3 milyon manatını rabitə, 55,5 milyon manatını digər xidmətlər təşkil etmişdir.
2014-cü ildə (adam başına) hər nəfərə 4152,1 manat ümumdaxili məhsul istehsal olmuşdur ki, bu da 2013-cü ilə nisbətən 352 manat və yaxud 9,3 faiz çoxdur.
RABİTƏ VƏ POÇT XİDMƏTİ
Hesabat ilində abonentlərə 1 milyon 797 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 392 min manat və ya 28,0 faiz çoxdur.
TİCARƏT VƏ XİDMƏT
2014-cü ildə pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 278,4 milyon manat olmusdur. Bu da ötən illə müqayisədə 10,6 faiz və yaxud 26,8 milyon manat çoxdur.
Ötən il 17 ticarət və xidmət obyekti tikilib istifadəyə verilmisdir. Onlar müasir dizaynı ilə şəhərin ümumi görkəminə uyğunlaşdırılmışdır.
499 hüquqi, 6969 fiziki şəxs ticarət, iaşə və digər xidmət sahələrində fəaliyyət göstərir.
ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ VƏ MƏŞĞULLUĞU
2 014-cü ildə şəhərin büdcə xərcləri 24 milyon 182 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1 milyon 739,3 min manat çoxdur.
Ötən il sahibkarlara və iş adamlarına 40 milyon 196 min manat kredit verilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi 18235 pensiyaçıya 33 milyon 171,3 min manat, Əhalinin Sosial Müdafiə Mərkəzi 5329 sosial müavinət alana 3 milyon 744,4 min manat vəsait ödəmişdir.
Sosial müdafiəyə ehtiyacı olan 1769 ailəyə 2 milyon 951 min manat ünvanlı sosial yardım ödənilmişdir.
Hesabat ilində 1531 iş yeri açılmışdır ki, onlardan 1267-si daimi iş yerləridir.
ƏRAZİ İDARƏETMƏ VƏ BƏLƏDİYYƏLƏRLƏ İŞ
2014-cü ildə rayon əhalisi 124 min 800 nəfər təşkil etmişdir. İl ərzində əhalinin sayı 1100 nəfər artmışdır.
Ərazi nümayəndəlikləri bələdiyyələrlə birlikdə 198 iri sosial və infrastruktur layihələri həyata keçirmişdir.
Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması üçün rayonun 20 kəndində 22 ədəd içməli sutəmizləyici qurğu quraşdırılmış, küçə su xətləri çəkilmiş və bulaqlar tikilmişdir.
TİKİNTİ-QURAŞDIRMA, ABADLIQ
Hesabat ilində bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 104 milyon 400 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 4 milyon 600 min manat və ya 4,6 faiz çoxdur.
240 şagird yerlik 10 nömrəli şəhər tam orta məktəbi, Əcəmi və Yuxarı Bucaq kəndlərində 180 şagird yerlik ümumi orta məktəblər, BTC-nin İnzibati-Tədris Korpusunun, Energetika Nazirliyinin Yevlax Regional Qaz Nəzarəti İdarəsinin, Kənd Təsərrüfatı Nazirliyinin Regional Referens və Toksikologiya Ekspertiza Laboratoriyasının inzibati binaları tikilib istifadəyə verilmiş, 1176 şagird yerlik 3 nömrəli tam orta məktəbin binası əsaslı təmir olunmuşdur.
Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, Rayon Polis Şöbəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, Şəhər Təhsil Şöbəsinin, “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Yevlax filialının, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax rayon idarəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, Qaz İstismar Sahəsinin inzibati, 100 yerlik ikimərtəbəli uşaq bağçasının binalarının tikintisi aparılır.
Bundan başqa, yol, körpü tikintisi aparılmış, lazım olan yollarda təmir işləri görülmüş, asfalt örtük salınmış, geniş yaşıllaşdırma işləri həyata keçirilmişdir.
AQRAR SAHƏ
Hesabat dövründə ümumilikdə 76,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
8205 kənd təsərrüfatı məhsulları istehsalçılarına 1 milyon 62,6 min manat dövlət yardımı edilmişdir. Cari ilin məhsulu üçün buğda və çəltik istehsalçılarına 165,3 min manat dövlət yardımı hesablanmış və sənədlər Respublika Komissiyasına təqdim edilmişdir.
Torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 4592 tondan çox mineral gübrə satılmışdır.
Ötən illə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 97, qoyunların bas sayı 146, quşların baş sayı 213 bas artmışdır.
Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan tələbatının ödənilməsi üçün “Aqrolizinq” ASC-nin Təsərrüfathesablı Yevlax rayon “Aqroservis” filialı tərəfindən 15 ədəd taxılyığan kombayn, 11 ədəd traktor, 6 ədəd taxılsəpən, 2 ədəd qoşqu lafeti alınmışdır. Aqrar sahədə ən böyük problem mövcud kollektor-dren şəbəkəsinin yararsız halda olmasıdır. Buna səbəb isə keçən əsrin 70-ci illərində tikilmiş şəbəkədə, indiyədək heç bir təmir-bərpa işlərinin aparılmamasıdır. Nəticədə şoranlaşmaya meylli olan torpaqlarda şorlaşma baş verir ki, bu da məhsuldarlığı aşağı salır və qoyulmuş vəsait, sərf olunmuş əmək gözlənilən nəticəni vermir.
Bir başqa problem Sudan İstifadə Birliklərinin (Asossiasiyalar) işi ilə bağlıdır. Birliklər öz işlərini düzgün qurmadıqlarından suvarma suyu kənd təsərrüfatı məhsulları istehsalçıları arasında düzgün bölüşdürülmür, nəticədə su mənbəyindən uzaqda yerləşən istehlakçılara kifayət qədər su verilmir. Bu isə haqlı narazılıqların yaranmasına səbəb olmaqla yanaşı məhsuldarlığı da aşağı salır.
İNFRASTRUKTUR
İçməli su. İl ərzində əhalinin içməli su ilə təmin olunması diqqətdə saxlanılmış, artezian və subartezianların, kanalizasiya-nasos stansiyalarının istismarına nəzarət olunmuşdur.
Magistral və paylayıcı su xətlərində cari təmir işləri aparılmış, küçələrə 1,6 km uzunluğunda paylayıcı su xətləri və 31-ci məhəllədəki yaşayış binalarına 360 metr uzunluğunda kanalizasiya xətti çəkilmişdir.
Su-kanal idarəsinin rəhbərliyi kanalizasiya və su xətlərində olan qəzaların aradan qaldırılmasında operativlik göstərmir. Bu sahədə olan çatışmazlıqlar aradan qaldırılmalıdır.
Elektrik enerjisi təminatı. Şəhərdə və rayon ərazisində əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçirilir.
Elektrik Şəbəkəsində 65 min manatlıq təmir işi görülmüş, 49 ədəd transformator yarımstansiya cari, 28 transformator yarımstansiyası əsaslı təmir olunmuş, 2,3 kilometr uzunluğunda elektrik verilişi xətti dəyişdirilmiş, 561 ədəd sayğac quraşdırılmışdır.
04 kilovoltluq şəbəkə ötən əsrin 60-cı illərində tikilmişdir. Ötən müddət ərzində yenidənqurma və təmir işləri aparılmadığından xətlərdə tez-tez açılmalar olur. Əhalinin haqlı narazılığına səbəb olan bu kimi halların aradan qaldırılması üçün əlaqədar təşkilatlar ciddi tədbirlər görməlidirlər.
Təbii qaz təminatı. İl ərzində yaşayış məntəqələrinin təbii qazla təminatını yaxşılaşdırmaq üçün istismar müddətini başa vurmuş 3600 metr orta təzyiqli qaz xətti dəyişdirilmişdir.
Rayonun 49 kənd yaşayış məntəqəsindən 27-si qazlaşdırılmışdır.
Hazırda rayonun Yuxarı Qarxun, Gülövşə, Ərəş, Yuxarı Salamabad kəndlərində qazlaşma işləri aparılır.
MƏTBUAT
Dövlət başçısının uğurlu daxili və xarici siyasətinin təbliği yerli “Kür” qəzetinin fəaliyyətinin prioritet istiqamətini təşkil etmişdir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində qəzetin baş redaktoru Əminə Yusifqızı qalib olmuş, o, xüsusi diploma və pul mükafatına layiq görülmüşdür.
Qəzetin əməkdaşları-Ramiz Həmidov və Natiq Cəfərovun KİV DF-nin keçirdiyi müsabiqəyə təqdim olunmuş yazıları xüsusi diplom və pul mükafatına layiq görülmüşdür.
GƏNCLƏRLƏ İŞ
“Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq rayonda gənclər siyasətinin həyata keçirilməsi, yeniyetmə və gənclərin siyasi, vətənpərvərlik, fiziki inkişafı, idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Dövlət başçısının tapşırığına əsasən rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması istiqamətində əsaslı dönüş yaranmışdır. Bu məqsədlə Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə işçi qrupu yaradılmış, tədbirlər planı təsdiq olunmuşdur.
Tədbirlər planına uyğun olaraq 2014-cü ilin may-dekabr aylarında idmanın müxtəlif növləri üzrə 56 yarış keçirilmiş, yarışlarda 4721 nəfər iştirak etmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir.
“Gənc liderlər” və “Gələcəyə körpü” Gənclər İctimai Birliyi ilə birgə keçirilmiş tədbir gənclərdə böyük maraq doğurmuşdur.
İl ərzində Gənclər və İdman İdarəsi tərəfindən gənclər sahəsi üzrə 40, bədən tərbiyəsi və idman üzrə 34 tədbir keçirilmiş, bu tədbirlərdə 4981 nəfərdən çox yeniyetmə və gənc iştirak etmişdir.
SƏNƏDLƏRLƏ VƏ VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ İLƏ İŞ
Hesabat ilində Şəhər İcra Hakimiyyətində, idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, onların təklifi, ərizə və şikayətlərinə baxılmasına diqqət artırılmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyyəsinə uyğun olaraq əhalinin yerlərdə qəbuluna diqqət artırılmışdır.
2014-cü ildə Şəhər İcra Hakimiyyəti Başcısı tərəfindən yerlərdə 1850 nəfər, Şəhər İcra Hakimiyyətində isə 1386 nəfər qəbul edilmişdir.
Vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin əksəriyyəti yerindəcə həll edilmiş, qalanların icrası isə nəzarətə götürülərək həll olunmuşdur. Şəhər İcra Hakimiyyətində “qaynar xətt” yaradılmışdır.