XOCALI SOYQIRIMINDAN 23 İL ÖTÜR
1992-ci il fevralın 25- 26-da daşnak təfəkkürlü Ermənistan ordusu ilə 366-cı rus alayının birgə hücumu nəticəsində Xocalı şəhəri yer üzündən silindi. Şəhər əhalisinə qarşı əsl soyqırım aktı həyata keçirildi. Tarixdə ən dəhşətli bir faciə törədildi. Həmin gün Yer də, Göy də yas tutdu Xocalı faciəsinə…
Sonralar Milli Qəhrəman adına layiq görülən Çingiz Mustafayev qanlı olay yerinə ilk gələnlərdən biri idi. İlk növbədə o, bu faciəni dünyaya yaydı. Lakin ermənilərin törətdikləri vandalizm barədə qeyri xalqların nümayəndələri, xüsusən erməni və rus əsilli jurnalistlər də çox yazdılar və mətbuatda dərc etdirdilər.
Rus zabiti, polkovnik Vladimir Savelyev Xocalı faciəsi haqqında belə yazır: “Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların-uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə 19 səhifəlik məxfi arayışı həm Kremlə, həm də MN, BKİ-nin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi. Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı polk ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda polkun ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı”.
David Xeyriyanın Beyrutun “Əş-Şərq” nəşriyyatında çıxan “Xaç uğrunda” kitabının xeyli hissəsi Xocalı faciəsinə həsr edilmişdir. Xocalıda olan erməni müəllif yazırdı: “Bəzən çaşıb ayaqlarımızı meyitlərin üstünə qoyub keçib gedirdik. Daşbulaq kəndindəki bataqlıqdan keçmək üçün ölənləri sıraya düzüb keçib getməyə başladıq. Mən ayaqlarımı ölənlərin üstünə qoyub getmək istəmədim. Ancaq polkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Müharibənin qanunlarından biri budur. Mən ayaqlarımı sir-sifəti qana bulaşmış bir qızın sinəsinə qoydum… Ayaqlarım, fotoaparatım, dizim bütün qan içərisində idi”. Sonra o qeyd edir ki, 100 nəfərdən çox türkün meyitini yığıb Xocalının 1 kilometrliyində yandırdılar. Müəllif davam edir: “Sonra mən meyitlər yığılmış maşında bir qız uşağını gördüm. O alnından və qulaqlarından yaralanmışdı. Sir-sifəti göyərmişdi. Asta-asta nəfəs alırdı. Özü ilə çarpışan bu qız uşağının gözlərini unuda bilmirəm. Heysiz- hərəkətsiz uzanan bu qızın dırnaqlarından qan süzülürdü. Bu zaman Tiqranyan adlı bir əsgər onu da meyitlərin üstünə atdı. Meyitlərə od vurdular. Mən elə zənn etdim ki, yanan meyitlərin içərisində kimsə qışqırır. İrəli gedə bilmədim…”.
Akop Arakelov görün nə yazır: “Yanıma gələnlər danışırdılar ki, Xocalıda qəbristanlıq yoxdur. Çünki orda meyitləri, hərbi həkim Mirzoyanın əmri ilə yığıb yandırmışlar. Mən sual verdim, bəs yaralılar? Zabit Çebotaryan mənə anlatdı ki, yaralılar öldürülmədən tonqallara atılır. Bundan sonra, Ermənistanı, erməniləri, Dağlıq Qarabağı bir daha görməmək üçün oranı tərk etdim”.
Fransada çıxan “Frans katolik – ekklezia” jurnalında erməni jurnalisti Berain Siraelyan o günlərdə belə yazmışdır: “Xocalını gözlərimlə gördüm. Mən torpaq uğrunda gedən vuruşmanın bu tərzdə aparılmasının tərəfdarı deyiləm. Hər yerdən qan iyi gəlirdi. Qar üstündə qalaqanmış kimsəsiz, sahibsiz cəsədlərdən qorxdum… Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın… Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tənha qala bilərik”.
Bu faktlar çox şeydən xəbər verir. Rusların, ermənilərin, fransızların uzaqgörən insanları dərk edirlər ki, xalqımız, gələcək nəsillərimiz heç vaxt ermənilərin Vətənimizdə törətdikləri vəhşilikləri unutmayacaqlar. Ermənilər Xocalı ilə özlərinə əbədi nifrət hissi yaradıblar. Bu nifrət hissi nəsildən-nəslə keçərək əbədiləşəcək və onların Xocalıda törətdikləri soyqırımı yaddaşlara əbədi həkk olunacaqdır.
Prezident İlham Əliyev Vətən uğrunda şəhid olanların və soyqırımına məruz qalanların xatirəsinin yad edilməsini və hər il anım mərasimlərinin keçirilməsini daim diqqət mərkəzində saxlayır. 2008-ci ildən üzübəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın da daxil olduğu İslam Konfransı Təşkilatı ilə birlikdə “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirilir. Bu soyqırımı aktı hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətin yadına salınır