Şriftin ölçüsü :

Saytın rəngi :

1 OKTYABR-PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR

01 oktyabr 2014 | 15:00

BU ADI DAŞIMAQ OLDUQCA ŞƏRƏFLİDİR

1998-ci ildən etibarən hər il oktyabrın 1-i ölkəmizdə Prokurorluq İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir. Bu bayramın təsisi isə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi iradəsi ilə mümkün olmuşdur.

96 yaşı tamam olan Azərbaycan prokurorluğu olduqca çətin, amma şərəfli yol keçib. Prokurorluğun fəaliyyətinin çətin dövrləri dedikdə yada AXC-Müsavat hakimiyyəti dövründə yaşananlar düşür. Azərbaycanın məhvolma təhlükəsi, müstəqilliyinin yenidən itirilməsi təhlükəsi və vətəndaş müharibəsinin başlanması qorxusu ilə üzləşdiyi bir dövrdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin  1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasəti nəticəsində bütün digər qurumlarla yanaşı, prokurorluq orqanları da qanun əsasında fəaliyyət göstərən  demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən  qurulmuş, dövlətçiliyimizin əsas sübutlarından birinə çevrilmiş, onun dövlətçiliyə sadiq kadr korpusu formalaşmışdır. Ulu öndər Heydər Əliyevin 2000-ci il aprelin 26-da prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi görüşdən sonra  Azərbaycan prokurorluğunda hərtərəfli islahatlara başlanılmış, qısa müddətdə  fəaliyyət üçün zəruri normativ-hüquqi baza yaradılmış, «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş  istiqamətlər üzrə işin səmərəli təşkili yüksək tələblər səviyyəsində çalışmaq bacarığı olan kadr korpusu formalaşdırılmış, mənfi hallara qarşı prinsipial və qətiyyətli mübarizə aparmaqla ciddi nəzarət mexanizmi yaradılmış, maddi-texniki təminat və işçilərin sosial müdafiəsi beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun layiqli davamçısı olduğunu əyani şəkildə bütün dünyaya sübut edən Prezident İlham Əliyev cənabları tərəfindən 2003-cü ildən başlayaraq günümüzədək davam edən dövrdə  mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı  barışmaz və qətiyyətli mübarizə elan edilmiş, ilk növbədə, bu sahədə fəaliyyət göstərən hüquq-mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluğun işində ciddi qayda-qanun yaradılmış, onların fəaliyyəti müasir tələblər səviyyəsində  yeniləşdirilmiş, maddi-texniki bazası  möhkəmləndirilmiş və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə zəruri tədbirlər görülmüşdür.

«Azərbaycan Respublikası Prokurorluğunun  fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı» prokurorluq orqanlarının hərtərəfli yeniləşməsi və işinin təkmilləşməsi yolunda müstəsna  əhəmiyyət kəsb etmişdir. Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində, işlərin beynəlxalq standartlar səviyyəsində təşkilinə, qarşılıqlı əlaqəli fəaliyyətin səmərə və kəsərliliyinin artırılmasına, elmi-texniki tərəqqinin imkanlarından geniş istifadə etməklə  müasir informasiya-kommunikasiya sisteminin yaradılmasına, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılmasına, işdə tam şəffaflıq və aşkarlığa nail olunmuşdur.

Korrupsiyaya qarşı mübarizə sahəsində işin düzgün təşkilinə Prezident İlham Əliyev cənabları tərəfindən dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsidir ki, ixtisaslaşdırılmış qurum kimi  Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti üçün əlverişli şərait yaradılmış, əməkdaşların sayı  əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni struktur formalaşdırılmış, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq, bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyəti verilmiş, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. tədbirlər korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırmış, profilaktiki fəaliyyət və preventiv təsir imkanları daha da gücləndirilmişdir.

Bu gün bu sahədə çalışmaqdan, prokuror kimi şərəfli bir ad daşımaqdan böyük məmnunluq hissi keçirir və rəhbərlik etdiyim Yevlax rayon prokurorluğunun işi haqqında da qısaca məlumat vermək istəyirəm.

Yevlax rayon prokurorluğu olaraq biz əhali ilə  görüşlərin, onların hüquqi maarifləndirilməsinin ümumilikdə işimizə təsirinin əhəmiyyətini düzgün dəyərləndirməyə çalışırıq. Prokurorluqda qəbul günlərinin keçirilməsi, yerlərdə, idarə-müəssisələrdə, təhsil ocaqlarında insanlarla görüşlərimiz, onları maraqlandıran mövzularda çıxışlarımız, hüquqi məzmunlu suallarını cavablandırmağımız bu məqsədlərə xidmət edir.

Prokurorluğun rayonda fəaliyyət göstərən digər hüquq-mühafizə orqanları və MTN-nin yerli şöbəsi ilə birgə fəaliyyətinin nəticəsidir ki, əvvəlki illərlə müqayisədə rayonda kriminogen durum  stabilləşmiş və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısı alınmışdır. Məqsədyönlü istintaq-əməliyyat tədbirləri nəticəsində son altı ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə  ağır və xüsusilə ağır cinayətlərin sayı azalıb. Həmçinin rayon prokurorluğunda tamamlanmış cinayət işlərindən Azərbaycan Baş Prokurorluğu tərəfindən istintaqa qaytarılanı, məhkəmədən təqsirləndirilən şəxsə daha ağır ittiham elan edilməsi üçün prosessual pozuntuya yol verilməsi ilə əlaqədar qaytarılanı, cinayət işləri üzrə hər hansı prosessual qərarın ləğv edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən bəraət alanı olmamışdır.

Qədim yunan filosofu Anat Saqora məxsus fikirdir: «Xalq qanunlar uğrunda öz evlərininin divarları üçün vuruşduğu kimi vuruşmalıdır». Doğrudan da, insanların hüquqi maariflənməsinə, cinayətə və cinayətkara qarşı mübarizənin tək hüquq-mühafizə orqanları əməkdaşlarının deyil, hər kəsin vəzifəsi olduğunu dərindən dərk etməsinə nail olmaqla bütünlükdə cəmiyyətimiz qazanar. Onda cinayət də az olar və təbii ki, cinayətkar da.

Keçidlər