Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

Yevlax şəhərində bir sıra mədəniyyət müəssisələri fəaliyyət göstərir. Rayon əhalisinə 35 kitabxana xidmət göstərir. Onlardan 10-u şəhərdə, 25-i kəndlərdə yerləşir. Kitabxanaların kitab fondunda 463856 nüsxə ədəbiyyat vardır.
Milli adət-ənənələrimizin təbliği, əhaliyə mədəni xidmətin göstərilməsi, milli musiqi mədəniyyətimizin öyrənilməsi ilə 1 Saray, 1 Mədəniyyət Mərkəzi, 1 Yaradıcılıq evi , 14 mədəniyyət evi, 15 klub və 6 musiqi məktəbi məşğul olur.
Yevlax şəhərində 2 muzey fəaliyyət göstərir: Ulu öndərimiz Heydər Əliyevin siyasi irsinin gənc nəslə öyrədilməsində xüsusi əhəmiyyət daşıyan Heydər Əliyev muzeyi 2006-cı ildə inşa edilmişdir.
Tarixi əhəmiyyətə malik əşyaların toplandığı Tarix–Diyarşünaslıq muzeyi 2005-ci ildən fəaliyyət göstərir.  
Mədəniyyətin inkişafında göstərdiyi xidmətlərə görə Eldəniz Mustafayev, Zöhrə Adıgözəlova, İlqar Əhmədov və İdris Nəbiyev Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşlər.

Mətbuat

Yevlax mətbuatının tarixi Yevlax rayonunun təşkili ilə eyni ilə təsadüf edir. 1935-ci ilin fevralında Yevlax rayonu təşkil edildikdən sonra rayon icraiyyə komitəsinin ilk qərarlarından biri rayon qəzetinin buraxılması haqqında 1935-ci il 26 fevral tarixli qərarı oldu.
Azərbaycan K/b/P Yevlax rayonu firqəsi və rayon icraiyyə komitəsinin birgə orqanı olan «Yeni Yevlax» qəzetinin ilk nömrəsi 1935-ci il martın 6-da çıxmışdır. Həmin qəzet 1962-ci ilin iyun ayınadək «Yeni Yevlax» adı ilə nəşr olunmuşdur.
1962-ci ilin iyun ayından «Qələbə», daha sonra isə «Mübariz » adı ilə qəzet buraxılmış və 3 il fəaliyyyət göstərdikdən sonra fəaliyyəti dayandırılmışdır.
1965-ci ilin yanvarında Yevlax rayonunun yenidən təşkili ilə əlaqədar olaraq  şəhər, eləcə də rayon qəzetlərinin nəşri yenidən bərpa olunduğundan Yevlaxda «Təşəbbüs» qəzeti fəaliyyətə başlamışdır. Bu qəzet 1991-ci ilədək çıxmışdır. Nəhayət 1992-ci il yanvarın 1-dən «Kür» qəzeti nəşrə başlamışdır.
Qəzetin baş redaktoru Əminə Yusifqızı Respublikanın Əməkdar Jurnalistidir. Azərbaycan respublikası Prezidentinin sərəncamları ilə Ə.Yusifqızı, eləcə də qəzetin əməkdaşları R. Həmidov və A.Bayramova “Tərəqqi” medalı ilə təltif olunmuşlar.
«Kür» qəzeti Respublika Mətbuat şurasının üzvüdür. Qəzet 4000 tirajla həftədə bir dəfə çıxır. Bu əyalət mətbuatı içərisində yüksək göstəricidir.Öz oxucularının sevimlisi olan «Kür» qəzetində daimi rublikalar və manşetlər işıq üzü görür. Onlardan ən populyar rubrikalar “Şəhidin anım günü”, “Yevlaxla tanınanlar, Yevlaxı tanıdanlar”, “Ölkəmizi tanıyaq”, “Respublika mətbuatı səhifələrində”, “Klassik və müasir Azərbaycan ədəbiyyatı”, “Həkim məsləhəti”, “Azərbaycanı təmsil edənlər”, “Ətraf mühit və biz”, “Nəsillərə nümunə”, “Replika”, “Azərbaycanın bütövlüyü uğrunda” və s-dir.
“Kür” qəzetinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazı müsabiqələrində uğurla iştirak etmiş, Z.Məmmədqızı, N.Cəfərov və R.Həmidov I, II, III yerləri qazanaraq Fəxri Fərman və pul mükafatı almışlar.

Keçidlər