“Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilmişdir
05 noyabr 2022 | 18:52
“Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Zəfərin mübarək Azərbaycan adlı” tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil Sektorunun müdiri Namidə Abbasova, Şəhid ailələri,qazilər, məktəb direktorları və təhsil işçiləri , şagirdlər iştirak etmişlər.
Əvvəlcə canlarını Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda qurban verən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Yevlax şəhər İcra Hakimiyyəti Başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə xanım Əzizova çıxış edərək bildirdi ki, Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. 30 il çəkən ağrılı acılı günlər keçirən Azərbaycan xalqının səbr kasası bir payız səhəri aşıb daşdı. 2020-ci ilin 27 sentyabrında Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı “Dəmir yumruq” altında torpaqlarımızın işğaldan azad olunması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı.Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı. İndi Qarabağa böyük qayıdış başlayıb. Bəli indi Qarabağa Böyük qayıdışa geniş qapı açan yeni infrastruktur layihələr həyata keçirilir. Dünyanın bütün gözəlliklərinin tacı olan Qarabağ öz qapılarını həsrətində qaldığı sakinlərinə açmağa başladı. Bu, yurd həsrətlilərinin Qarabağa gedişidir.
Yevlax rayonu üzrə Təhsil Sektorunun müdiri Namidə Abbasova çıxışında qeyd etdi ki,bir ömrə sığmayan 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından 2 il ötür. Müharibə 44 gün davam etdi və şəhidlərimizin canı,qazilərimizin qanı bahasına qələbə ilə başa çatdı.Bizim qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir.Bu qələbədə azərbaycan xalqı müzəffər Ali baş komandan İlham Əliyevə, Azərbaycan ordusuna minnətdardır.
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir.İkinci Qarabağ müharibəsi göstərdi ki,bu sahədə də böyük uğurlar əldə edilib.
Əlbəttə ki, ilk növbədə, ordu quruculuğu.Elə güclü ordu yaratmışıq ki,beynəlxalq reytinqdə həmişə 50-ci yerlərdə idik,indi müharibədən sonra təbii ki, daha da yüksək yerlərə qalxacağıq. Müharibə dövründə gücümüzü göstərdik.
5 nömrəli tam orta məktəbin hərbi rəhbəri, Vətən Müharibəsi qazisi rəhbəri Bayram Hüseynov, Nizami adına Şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Ağayeva, Yevlax şəhər 1 nömrəli Körpələr evi uşaq bağçasının müdiri Aytən Kərimova çıxışlarında Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Şanlı qələbədən danışdılar. Qələbənin qazanılmasında canını qurvab verən Şəhidlərimizə Allahdan rəhmət, sağlamlığını itirən qazilərimizə və veteranlara can sağlığı arzuladılar.
Rayon ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.