Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü ərəfəsində Yevlaxda şəhidlərin xatirəsinə inşa edilən növbəti abidənin açılışı olub

02 noyabr 2022 | 14:40
Zəfər Günü ərəfəsində Yevlaxda şəhidlərin xatirəsinə inşa edilən növbəti abidənin açılışı olub
Yevlaxda Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, həyata keçirilən işlər çərçivəsində şəhidlərin xatirəsinə inşa edilmiş növbəti abidənin rayonunun Qoyunbinəsi kəndində açılış mərasimi keçirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, şəhidlərin döyüş yoldaşları, müharibə veteranları və kənd sakinləri iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Sonra iştirakçılar abidənin önünə gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsinə ehtiram hissi ifadə ediblər.
Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən geniş danışaraq, 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğuladı. Bildirdi ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlərin təqdirəlayiq təşəbbüslər olduğunu, ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın dövlət müstəqilliyimizin və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərə bəslədikləri hörmət və ehtiramın nümunəsində görülən bu işlərin milli-mənəvi dəyərlərin geniş təbliğində, gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsində misilsiz əhəmiyyəti olduğunu xüsusi qeyd edib. Həmçinin qeyd etdi ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının, hər bir vətəndaşının hər zaman qəlbində yaşayacaq. Şəhər rəhbəri abidənin tikintisində əməyi olanlara minnətdarlıq etmiş, şəhid ailələrinə səbr, qazilərimizə şəfa diləmişdir.
Çıxış edən şəhid ailəsinin üzvləri və qazilər möhtəşəm Qələbə ilə bitən 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazıldığını bildiriblər. Qeyd edilib ki, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə azad edən igidlərimizin əziz xatirəsi, onlarını qəhrəmanlığı dövlətimiz və xalqımız var olduqca əziz tutulacaq, əbədi olaraq qəlbimizdə yaşayacaqdır.
Tədbirdə Mədəniyyət işçilərinin və Qoyunbinəsi kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirin sonunda İcra başçısı şəhid valideynləri və doğmaları, qazilər və veteranlarla görüşüb söhbət etdi, qayğıları ilə bir daha yaxından maraqlandı. Görüş iştirakçıları davamlı diqqətə və şəhidlərin xatirəsinə göstərilən ehtirama görə Ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.
Keçidlər