Yevlaxda “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilmişdir
06 noyabr 2024 | 17:30
Yevlaxda “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, rayonun təhsil müəssisələrinin rəhbərləri, Qoyunbinəsi kənd tam orta məktəbinin rəhbərliyi və müəllim heyəti iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbr iştirakçıları məktəbin foyesində şagirdlərinin vətənpərvərlik mövzusunda müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və əl işləri ilə yaxından tanış olmuşlar.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova ilk öncə 8 noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, sentyabrın 27-dən başlayan və 44 gün davam edən, işğal altındakı ərazilərimizin tamamilə azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının şanlı iftixar və qürur mənbəyinə çevrildiyini vurğulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyinin, düşünülmüş siyasətinin, qətiyyət və prinsipiallığının, respublikamızda bütün sahələr üzrə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün komponentlərin məntiqi nəticəsi idi.
Daha sonra çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova,Yevlax şəhər 5 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 44 günlük Vətən müharibəsinin veteranı Bayram Hüseynov, 44 günlük Vətən müharibəsi şəhidi Fərid Abışovun anası Gülşən Abışova bildirmişlər ki, qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Çıxışçılar 30 illik münaqişəni sona çatdıran 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdüyünü, Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdiyini söyləyərək, 44 günlük qəhrəmanlıq savaşının tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacağını vurğulamışlar.
Tədbirin gedişində 8 noyabr Zəfər Günü münasibətilə Yevlax rayon ümumtəhsil məktəbləri arasında keçirilən intellektual yarışda qalib olmuş komandalara Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur. Tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, məktəblilər vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər.