Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Zəfər gününə həsr edilmiş konfrans keçirilib

01 noyabr 2022 | 14:49
Yevlaxda Zəfər gününə həsr edilmiş konfrans keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax şöbəsinin birgə təşkilatçılığı ilə YAP Yevlax rayon təşkilatının inzibati binasında 8 noyabr Zəfər günü ilə əlaqədar “Azərbaycan tarixinin Zəfər salnaməsi” adlı konfrans keçirilib. Konfransda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev,Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə Şöbəsinin müdiri Natiq Əfəndiyev, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, Dövlət Vergi Xidmətinin
11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədov, Yevlax “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı idarə və müəssisə rəhbərləri,şəhid ailələri, bir qrup Vətən müharibəsi qaziləri, mədəniyyət işçiləri və məktəblilər iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qeyd etdi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Azərbaycan torpaqları düşmən işğalından azad olundu və bununla da xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı təmin olundu.
Tədbirdə çıxış edən şəhid atası Fərman Kazımov Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətindən, Onun peşəkər rəhbərliyi ilə müzəffər Ordumuzun müharibədəki misilsiz şücaətindən bəhs edib, bildirdi ki, Ermənistan ağ bayraq qaldıraraq, Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı. O, həmçinin Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanmasını, 30 il düşmən işğalı altında qalmış torpaqlarımızın azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd etdi.
Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirdi ki, çoxmilyonlu Azərbaycan xalqının lideri kimi Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin möhkəm siyasi iradəsi,sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır.Vətən müharibəsində qazanılmış hərbi-siyasi Zəfərdən sonra vaxtilə İosif Stalin, Serqo Orconikidze və Anastas Mikoyan kimi radikal millətçi bolşeviklərin məkrli diktəsi ilə Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış muxtariyyət statusu da artıq tarixin arxivinə getmişdir.Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı və xalqımızın hər il qürur hissi ilə bayram günü kimi qeyd etdiyi möhtəşəm Zəfər Azərbyacan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunan ən böyük tarixi hadisədir.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə Şöbəsinin müdiri Natiq Əfəndiyev, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov,Yevlax “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı və Vətən müharibəsi qazisi Yusif Kərimov çıxış edərək, Zəfər tariximizdən və bu zəfərin əldə olunmasından, Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində döyüş meydanındakı qəhrəmanlığından geniş bəhs ediblər.
Daha sonra tədbirdə Yevlax mədəniyyət işçilərinin ifasında möhtəşəm “Zəfər Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Keçidlər