Yevlaxda Zəfər günü münasibətilə intellektual yarış keçirilmişdir
07 noyabr 2026 | 10:10
Yevlaxda Zəfər günü münasibətilə intellektual yarış keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 8 Noyabr Zəfər Günü münasibətilə silsilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti, Yevlax rayonu üzrə gənclər və idman sektoru, “Yevlax Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Zəfər Kuboku" adlı intellektual yarış keçirilib.
Yevlax Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax rayonu üzrə gənclər və idman sektorunun müdiri Samir Kərimov, “Yevlax Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Tusi İbrahimov, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin əməkdaşlarından ibarət komandalar iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, müasir,müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bilik yarışını açıq elan edərək böyük zəfərimizin şanlı tarixindən , Müzəffər Ali Baş Komandanımızın xalqımıza bəxş etdiyi qələbədən söz açaraq komandalara uğurlar arzulayıb.
60 nəfərin iştirak etdiyi 7 komanda arasında keçən intellektual yarışın qalibi İqtisadiyyat Nazirliyinin Aran Regional Bölməsinin komandası olub. 2 -ci və 3-cü yerə isə müvafiq olaraq Yevlax rayon Mərkəzi Xəstəxanasının və Mərkəzi Aran Regional Təhsil idarəsinin komandaları layiq görülüblər.
Qalib komandalar kubok və fəxri diplomlarla təltif olunublar.






