Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilmişdir

28 avqust 2024 | 14:28
Yevlaxda yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilmişdir
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon üzrə təhsil sektorunun müdiri Namidə Abbasova və yüksək bal toplayaraq ali məktəbə qəbul olmuş məzunlar iştirak etmişlər.
Görüş iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.
Şəhər İcra Hakimiyyətində davam etdirilən tədbirdə Xalqımızın Ümummilli Lideri, dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək məzunları əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik etmiş, onlara öz xoş arzularını çatdırmış, gələcək həyatlarında müvəffəqiyyətlər arzulamışdır.Şəhər İcra Hakimiyyətinin Başçısı Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyasının ölkəmizdə milli köklərə bağlı, təhsilli gənc kadrların yetişdirilməsinə hesablandığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Ulu Öndərimiz təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulamış və bu sahəyə çox böyük diqqət, qayğı göstərmişdir. Ümummilli Liderin bütün sahələri əhatə edən siyasətini uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı günü-gündən artırılır. Son illərdə ölkədə yeni məktəb, bina və komplekslərinin tikintisinin, eyni zamanda, köhnələrin əsaslı təmirinin böyük vüsət aldığını diqqətə çatdıran Şəhər İcra Hakimiyyətinin Başçısı qeyd etmişdir ki, tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan istifadə edirlər. Ölkəmizin hər guşəsində müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları şagirdlərin istifadəsinə verilib. Yaradılan bu cür şərait öz bəhrəsini göstərməkdədir. Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, yüksək bal toplamış məzunlar çıxışlarında təhsilin inkişafına yaradılan şəraitə görə Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Sonda ali məktəblərə yüksək balla qəbul olunan məzunlara Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Keçidlər