Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən silsilə ağacəkmə aksiyası davam etdirilib
25 oktyabr 2024 | 10:13
Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən silsilə ağacəkmə aksiyası davam etdirilib
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamın icrası ilə bağlı yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün ölkə ərazisində 18-27 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 85 şəhər və rayonunun icra hakimiyyətləri tərəfindən 2401 hektar ərazidə 1 milyon 611 min ağac və kolun əkilməsi nəzərdə tutulmuşdur.
Oktyabrın 18-dən etibarən respublikamızın bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da silsilə ağacəkmə aksiyalarına start verilmişdir. Rayonda həyata keçirilən silsilə tədbirlərin davamı kimi Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi magistral avtomobil yolunun və Yevlax-Bərdə avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissələrində, yolların kənarında ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak etmişlər. Aksiya zamanı rayonun iqlim şəraitinə uyğun olaraq seçilmiş kiparis, sərv, Eldar şamı növlərinə aid ağaclar əkilmişdir.Aksiyanın gedişində yeni əkilən ağac və kollara aqrotexniki qulluq göstərilmiş, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülmüşdür.
Rayon ərazisində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər çərçivəsində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi həyata keçirilir.
Qeyd etmək istəyirik ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən mövsüm “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində yeni ağac, gül kollarının əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi planlaşdırılmışdır.