Yevlaxda yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar maarifləndirici tədbir keçirilib
20 iyul 2026 | 15:16
Yevlaxda yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar maarifləndirici tədbir keçirilib
Yanğın təhlükəsizliyi sahəsində əhalinin bilik və bacarıqlarının artırılması, yanğınların qarşısının alınması və fövqəladə hallarda düzgün davranış vərdişlərinin formalaşdırılması məqsədilə yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə 8 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin müavini Zeynəddin Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Sahib Abbasov, bələdiyyələr, inzibati ərazi dairələri üzrə nümayəndələr və fermerlər iştirak ediblər.
Tədbirdə iştirakçılara yanğınların başvermə səbəbləri, məişətdə və iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının əhəmiyyəti, elektrik və qaz avadanlıqlarından təhlükəsiz istifadə, eləcə də yanğın zamanı düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib.
Çıxış edənlər yanğınların əksəriyyətinin təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində baş verdiyini vurğulayaraq, hər bir vətəndaşın bu sahədə məsuliyyətli davranmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, yanğın baş verdiyi zaman ilk növbədə insanların təhlükəsiz əraziyə təxliyəsi təmin edilməli, dərhal 112 Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilməli və yalnız təhlükəsizlik təmin olunduğu halda ilkin yanğınsöndürmə vasitələrindən istifadə edilməlidir.
Tədbir çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Keçirilən maarifləndirmə tədbirinin əsas məqsədi cəmiyyətdə yanğın təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, vətəndaşların təhlükəsizlik sahəsində məlumatlılığının artırılması və mümkün yanğın hadisələrinin qarşısının alınmasına töhfə verməkdir.






