Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir

23 fevral 2024 | 16:48
Yevlaxda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 Fevral-Xocalı soyqırımı günü ilə əlaqədar “Xocalı soyqırımı unudulmaz qan yaddaşımızdır” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, təhsil, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələr, gənclər və Xocalı sakinləri iştirak ediblər.
Tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək bildirdi ki, 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırımı aktı ağılasığmaz vəhşiliyin və vandalizm siyasətinin bariz nümunəsidir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”- deyən müasir dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə soyqırımı aktına beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilmiş, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdi. Qeyd edilib ki, 2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadətisayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar.
Tədbirdə çıxış edənlər Yevlax şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Jalə Həsənova, Yevlax rayon Tanrıqulular kənd tam orta məktəbin müəllimi Lalə Məmmədova, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev vurğulayıblar ki, erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 nəfər yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşlər. Azərbaycan dövləti və xalqı heç zaman bu qanlı soyqırımı aktını unutmadı, daim intiqam hissi ilə yaşadı və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə düşməni döyüş meydanında məhv etdi. Bu gün bütün şəhidlərimizn ruhu şad olmuşdur. Ona görə ki, şanlı bayrağımız Azərbaycanın hər bölgəsində qürurla dalğalanır.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxş edərək, bildirdi ki, Azərbaycan tariximizin bir çox mərhələsində çox ağır faciələr və qanlı soyqırımı aktları ilə qarşılaşmışdır. Xocalı soyıqırmı da məhz Azərbaycan xalqının unudulmaz qan yaddaşıdır. Məhz dahi Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımı aktına hüquqi-siyasi qiymət verilmiş, hər il Xocalı qurbanlarının əziz xatirəsinin anılmasına qərar verilmişdir. Azərbaycan Prezidenti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, peşəkar rəhbərliyi ilə 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində, 2022 və 2023-cü ilin sentyabr döyüşlərində vaxtilə Xocalı soyqırımını törətmiş təcavüzkar Ermənistana misli görünməmiş dərs verildi. Düşmən darmadağın edildi, bütün şəhidlərimizin qisası döyüş meydanında alındı və Azərbaycanın əzəli torpağı olan doğma Qarabağın hər bölgəsinə Azərbaycan bayrağı sancıldı. Bu isə bir daha onu göstərdi ki, Azərbaycan xalqı yenilməzdir, dövlətimiz qüdrətlidir.
Tədbirin sonunda Yevlax Şəhər Mədəniyyət Mərkəzinin Filialı Şəhər yaradıcılıq evinin nəzdində fəaliyyət göstərən B.Səfəroğlu adına Xalq Teatrının kollektivinin təqdimatında “Xocalıdan zəfərə” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Keçidlər