Yevlaxda Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “ Xocalı soyqırımı-Tarixi qan yaddaşımızdır” adlı tədbir keçirilib
24 fevral 2023 | 14:39
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, eləcə də rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər iştirak etmişlər.
Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib. XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın şüurunda dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələrdən olan Xocalı faciəsinin 31-ci ildönümünə həsr edilmiş “Haray Xocalım haray” adlı əbədi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Tədbirin sonunda rayon məktəbliləri arasında “Xocalı soyqırımı əsrin faciəsidir” adlı keçirilən inşa-yazı və rəsm müsabiqəsinin qaliblərinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.