Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Xalqın seçimi-dövlətin gücü” mövzusunda tədbir keçirilmişdir

10 aprel 2026 | 18:11
Yevlaxda “Xalqın seçimi-dövlətin gücü” mövzusunda tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Yevlax rayon təşkilatının inzibati binasında “Xalqın seçimi-dövlətin gücü” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, şəhid ailələri, Vətən müharibəsi qaziləri və veteranlar, həmçinin rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları tədbirdə iştirak etmişlər.
Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin müqəddəs xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın qazandığı uğurlar, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və ölkəmizin beynəlxalq arenadakı diplomatik nailiyyətlərdən bəhs olunan videoçarx nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Ağciyər xəstəlikləri mərkəzi” publik hüquqi şəxsin Yevlax regional xəstəxanasının baş həkimi Mirrəhim Nəbiyev və digər natiqlər çıxışlarında qeyd ediblər ki, qazanılan nailiyyətlərin təməlində Xalqızımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş uğurlu daxili və xarici siyasət kursu dayanır. Bu siyasi kursun Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində qazanılan Qələbələr nəticəsində Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa olunub, artıq üç rəngli Şanlı Bayrağımız Azərbaycanın bütün ərazilərində qürurla dalğalanır. Bu Azərbaycan dünyada öz lehinə yeni siyasi reallıqlar yaradıb. "Xalq-İqtidar" birliyinin sarsılmazlığı nəticəsində Ölkəmiz qarşısında duran bütün strateji hədəflərə çatıb.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sülh siyasətinin ən mühüm və əsas nəticəsi, hər şeydən əvvəl, Xalqımızın 30 ildən artıq müddətdə pozulmuş sülh şəraitində yaşamaq hüququnun təmin olunmasıdır. Azərbaycan torpaqları işğal altında idi və bu illər ərzində hər gün itkilərimiz, şəhidlərimiz olurdu. Normal və təhlükəsiz həyat mümkün deyildi. Möhtərəm Prezidentimizin qətiyyəti, siyasi iradəsi və yaratdığı güclü ordu nəticəsində bu vəziyyətə son qoyuldu və ölkəmizdə real sülh təmin olundu. Hazırda əldə edilən sülh təkcə Azərbaycan üçün deyil, bütövlükdə region, o cümlədən Ermənistan cəmiyyəti üçün də mühüm əhəmiyyət daşıyır. Uzun illər davam edən münaqişə Ermənistan daxilində də daimi gərginlik və qeyri-sabitlik yaradırdı, regional inteqrasiya və ümumi rifah üçün ciddi təhlükə mənbəyi idi. Bu baxımdan Möhtərəm Prezidentimiz, Müzəffər Sərkərdəmiz cənab İlham Əliyevin güclü siyasi uzaqgörənliyi sayəsində yaratdığı sülh yeni regional reallıqlar formalaşdırmaqla yanaşı, Cənubi Qafqazı inteqrasiya və əməkdaşlıq yoluna çıxarıb.
Dünyanın müxtəlif bölgələrində müharibələrin və təhlükəsizlik risklərinin artdığı bir dövrdə Azərbaycanın təqdim etdiyi sülh modeli nadir və unikal nümunədir. Bu, postsovet məkanında, eləcə də Yaxın Şərq və Balkanlar kimi mürəkkəb regionlarda davam edən münaqişələr fonunda sülhlə nəticələnən yeganə müharibə modelidir. Azərbaycan ədalətli müharibə apararaq sülhə nail oldu və bu, Möhtərəm Prezidentizin yüksək liderlik keyfiyyətləri, diplomatik bacarığı və qətiyyəti sayəsində mümkün oldu.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sivilizasiyalararası dialoqa, müxtəlif dinlər və mədəniyyətlər arasında anlaşmaya və sülhün təşviqinə xidmət edən liderlərə təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi həm dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində daha təsirli aktora çevrilməsinin göstəricisidir. Bu mükafat sülh və humanizm dəyərlərini təşviq edən Müzəffər Ali Baş Komandanımızın fəaliyyətinə verilən qlobal qiymətdir.
Sonda isə Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdimatında kompozisiya nümayiş etdirilib, vətənpərvərlik mövzusunda şerlər səsləndirilib.
Keçidlər