Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub

03 oktyabr 2022 | 15:53
Yevlaxda Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub
Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə təltif edildikləri “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimat mərasimi keçirilib.
Bu münasibətlə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, qazilər, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
YAP Yevlax rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki, Vətən müharibəsində Müzəffər Ordumuzun qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq. Əlbəttə, zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi Qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha ətraflı dərk edəcəyik. Azərbaycan tarixi, xalqı və dövləti var olduqca torpaqlarımızın azadlığı uğrunda qəhərmanlıq göstərmiş igidlərimiz unudulmaycaq. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xüsusi qayğı müdrik siyasətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycan xalqı öz qəhrəmanlarını daim ucadan-uca tutur. Ona görə də bütün igid oğullarımız tam əmin olmalıdır ki, onlar göstərdikləri rəşadətə görə xalqımızın böyük və sonsuz sevgisini qazanmışıdır.
Yevlax Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev çıxışında bildirdi ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycanın şəhər və kəndlərinin ağır artilleriyadan bombardmana tutulması Azərbaycan Ordusunun güclü Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu "Dəmir yumruq" əməliyyatına başlamasına səbəb oldu. Ölümdən tək zərrə qədər qorxmayaraq Qarabağımızı geri qaytarmaq üçün canlarını heçə saymağa razı olduqlarını göstərən bu yurdun minlərlə igid övladları, Xocalı soyqırımı qurbanlarının, mənfur düşməni tanımayan Zəhranın, Aysunun, Mədinənin və neçə belə körpənin intiqamının alınması üçün könüllü cəbhəyə yazıldı. 44 günlük Vətən müharibəsi erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarının darmadağın edilməsi və Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Xalqımız qürur hissi keçirir ki, bu Qələbədə iştirak edən qəhrəmanlarımız unudulmaz tarix yazdılar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov çıxışında vurğuladı ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı Qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq sonrakı 44 gündə yalnız irəli getdi və nəticə düşməni məhv edib, torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsinin hər bir iştirakçısı əbədi olaraq qəlbimizdə yaşayacaq.
Sonda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medalları Vətən müharibəsi iştirakçılarına və qazilərə təqdim olunub.
Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər