Yevlaxda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin 1978-ci il Azərbaycan SSR Konstitusiyasına dövlət dili kimi daxil edilməsi gününə həsr olunmuş tədbir keçirilmişdir
28 aprel 2025 | 16:40
Yevlaxda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin 1978-ci il Azərbaycan SSR Konstitusiyasına dövlət dili kimi daxil edilməsi gününə həsr olunmuş tədbir keçirilmişdir
"Konstitusiya və Suverenlik ili" çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin və Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Şəhər Mərkəzi Elektron Kitabxana Sistemində keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, 20-ci əsrin əvvəllərində və ortalarında Sovet Sosialist Respublikasının tərkibinə daxil olan ölkələrin ictimai-siyasi həyatında dil məsələsi olduqca böyük problemlə üzləşirdi. Milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilirdi. Bütün bu çətinliklərə və dilimizin unutdurulmasına baxmayaraq, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Ümumiyyətlə, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Ana dili uğrunda çox mücadilələrdən sonra nəhayət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin yarandığı bir dövrdə, Heydər Əliyevin bu istiqamətdə atdığı doğru addımlar dilimizin inkişafına, sərbəst istifadəsinə və bütün dünyada tanınmasına zəmin yaratdı. Ümummilli Liderin tələbi ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Ulu Öndərin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasəti davam etdirəm Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən Azərbaycan dilinin qloballaşan dünyada qorunub saxlanılması və davamlı inkişafı məqsədilə bir sıra mühüm addımlar atılmışdır.
Daha sonra çıxış edənlər ana dilimizin inkişaf tarixinə nəzərə salaraq Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunmasının önəmindən bəhs etdilər.