Yevlaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir
11 dekabr 2024 | 19:59
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Yevlaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir. Yevlax şəhər 3 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Cavad Cavadov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak etmişlər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmişdir. Sonra Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək bildirib ki, “Tarix həmişə hər şeyi öz yerinə qoyur. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar” bu müdrik kəlamın müəllifi Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən bugünkü müstəqil Azərbaycan dövlətinin memarıdır. Bu dahi şəxsiyyət haqqında danışarkən öncə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Ulu Öndərin ölkəsinə və xalqına bəxş etdiyi misilsiz, əvəzedilməz dəyərlərin və sərvətlərin mahiyyətini daha dərindən anlamaq üçün isə, sadəcə onun həyat yoluna baxmaq kifayət edər. Ulu öndər Heydər Əliyev hələ keçmiş SSRİ dönəmində, daha dəqiq desək, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental səciyyəli tədbirlər görməyə başladı. Məhz bu cür strateji mahiyyət kəsb edən vəzifə qarşısında Ulu öndərimiz Azərbaycan dilinin həqiqi dövlət dili statusu əldə etməsi yönündə yorulmaz və ardıcıl fəaliyyət göstərdi. Çünki milli məfkurənin sağlam ideoloji təməllər əsasında möhkəmləndirilməsi və yüksəlişi üçün buna nail olmaq, sözün əsl mənasında strateji önəm kəsb edir və ideoloji mənada, dövlət quruculuğu prosesinin onurğa sütununu təşkil edirdi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin sovet Azərbaycanında dövlət dili statusu təsbit olundu. Bundan sonra milli dəyərlərimizin təbliği və ideoloji əsasların gücləndirilməsi yönündə atılan addımlar ardıcıllıqla davam etdirildi.
Xalqın təkidli tələbi ilə Ümummilli Liderin ölkə rəhbərliyinə qayıtdığı 1993-cü ildə Azərbaycan iqtisadiyyatının bütün sahələri dərin böhran içərisində idi. Bunu görən Ulu öndər iqtisadiyyatın dirçəldilməsini başlıca prinsiplərdən biri kimi müəyyənləşdirdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ümummilli lider dəfələrlə vurğulayıb ki, hər bir dövlətin siyasi, hərbi gücünün əsasında möhkəm təməl üzərində qurulan iqtisadiyyat dayanır. Beləliklə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın bir dövlət kimi öz ayaqları üzərində sərbəst inkişafını təmin etdi. Bu strategiyanın bu gün də uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi baxımdan regionun lider dövlətinə çevrilib.
Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində müstəqillikdən sonra dövlət quruculuğu sahəsində fundamental addımlar atıldı. Belə ki, mürəkkəb siyasi problemlər məngənəsində olan ölkəmizdə Ulu öndərimizin praqmatik və rasional strateji siyasi kursu sayəsində sabitlik əldə edildi. İmperialist qüvvələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən daxildəki avantürist subyektlərin bölücü fəaliyyəti neytrallaşdırıldı və ölkədaxili stabillik təmin edildi.
Daha sonra tədbirdə çıxış edənlər vurğulamışlar ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderimizin görmək istədiyi kimi qüdrətlidir, öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir və üçrəngli bayrağımız ən yüksək zirvələrdə qürurla, əzəmətlə dalğalanır.