Yevlaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir
09 dekabr 2025 | 16:43
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər Əliyev irsinin işığında” adlı tədbir keçirilmişdir. Aran qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbin inzibati binasında keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, məktəbin kollektivi, şagirdləri və təhsil işçiləri iştirak etmişlər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmişdir. Sonra Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək bildirib ki, qüdrəti və xalqa məhəbbəti ilə günəş ucalığında dayanan Ulu Öndərin boynumuzda elə bir haqqı var ki, onu qaytarmağa bir ömür bəs etməz. Heydər Əliyev elə düha idi ki, bütöv bir xalqın problemləri məhz onun fəaliyyəti, cəsarəti, mübarizəsi, nurlu əməlləri ilə həll edilirdi.Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, Ulu Öndərimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev dövlətçilik tariximizin yalnız 40 ilinə rəhbərlik edib. Lakin, bu zaman kəsiyində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər həqiqətə çevrilmiş, milli dövlətçiliyimizin formalaşması prosesi sürətlənmişdir. Qətiyyətlə deyə bilərəm ki, Heydər Əliyev dühası yalnız bir şəxsiyyətin fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə xalqın tarixi iradəsinin ifadəsi idi. O, xalqına arxalanır, xalq da ona inanır, etibar edirdi. Heydər Əliyev Ümummilli Lider kimi yalnız tarixin, taleyin seçimi deyildi, həm də xalqımızın seçimi idi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü bütöv bir mərhələ, epoxadır. Ulu Öndər vicdanlı, şərəfli, comərd, ləyaqətli bir ömür yaşamışdır. Ulu Öndər dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağıraraq bəyan etdi ki, hamımızın bir vətəni var-Azərbaycan. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü təkcə bu sadalanlarla tamamlanmadı. Ulu Öndər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyən etdi. Ulu Öndərin 1993-cü ildən etibarən ən yaxın, ən sadiq və ən fədakar yardımçısı məhz İlham Əliyev idi. "Əsrin müqaviləsi"nin imzalanmasında və uğurla icrasında, yeni siyasi mədəniyyətin formalaşmasında,diplomatiyamızın uğurlarında, idman və gənclər hərəkatının genişlənməsində - bir sözlə, bütün sahələrdə Heydər Əliyev siyasətinin ən öncül icraçısı məhz İlham Əliyev cənabları idi. Təsadüfi deyil ki, 2003-cü ilin prezident seçkisi ərəfəsində Ulu Öndər "Mən ona özüm qədər inanıram" deyərək cənab İlham Əliyevi xalqa təqdim edəndə əslində xalq da artıq o şəxsiyyətə Heydər Əliyevin inandığı qədər inanırdı. Prezident İlham Əliyevin qurduğu tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev irsinə, Ulu Öndərin tarixi missiyasına verilən ən yüksək dəyərdir. Prezident İlham Əliyevin qurduğu bu Azərbaycan hər cəhətdən dünyada bir nümunədir. Ümummilli Liderin söylədiyi məşhur kəlam var: "Azərbaycan dünyaya Günəş kimi doğacaq", bu gün Azərbaycanın həqiqətən dünyanın siyasi, iqtisadi, mədəni üfüqlərində Günəş kimi parladığını görürük. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə 44 günlük vətən müharibəsində qazanılan qələbə nəticəsində ilk dəfə torpaqlarımız geri alındı, 2 əsrlik münaqişəyə son qoyuldu. Cənab Prezidentimiz Ulu Öndərimizin ən böyük vəsiyyətini, arzusunu, amalını yerinə yetirdi. Vətən müharibəsində Azərbaycandakı bütün xalqların təmsilçiləri vahid qüvvə kimi döyüşdülər, şəhid, qazi oldular və Heydər Əliyevin bizlərə öyrətdiyi dəyərlər işığında hamımızın ümumi vətənimiz olan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Tarixi zəfərimizdən sonra Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq-bərpa işlərində yenə Heydər Əliyevin izini, ruhunu görürük. Bu gün Heydər Əliyev irsi bu torpaqlarda aparılan quruculuq işlərində yaşadılır. Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağın, Şərqi Zəngəzurun dirçəlişində fəal iştirak edir, müxtəlif layihələri ilə azad torpaqlarımıza abadlıq, həyat, ümid gətirir.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirmişdir ki, “Tarix həmişə hər şeyi öz yerinə qoyur. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar” bu müdrik kəlamın müəllifi Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən bugünkü müstəqil Azərbaycan dövlətinin memarıdır. Bu dahi şəxsiyyət haqqında danışarkən öncə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Ulu Öndərin ölkəsinə və xalqına bəxş etdiyi misilsiz, əvəzedilməz dəyərlərin və sərvətlərin mahiyyətini daha dərindən anlamaq üçün isə, sadəcə onun həyat yoluna baxmaq kifayət edər. Ulu öndər Heydər Əliyev hələ keçmiş SSRİ dönəmində, daha dəqiq desək, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental səciyyəli tədbirlər görməyə başladı. Məhz bu cür strateji mahiyyət kəsb edən vəzifə qarşısında Ulu öndərimiz Azərbaycan dilinin həqiqi dövlət dili statusu əldə etməsi yönündə yorulmaz və ardıcıl fəaliyyət göstərdi. Çünki milli məfkurənin sağlam ideoloji təməllər əsasında möhkəmləndirilməsi və yüksəlişi üçün buna nail olmaq, sözün əsl mənasında strateji önəm kəsb edir və ideoloji mənada, dövlət quruculuğu prosesinin onurğa sütununu təşkil edirdi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin sovet Azərbaycanında dövlət dili statusu təsbit olundu. Bundan sonra milli dəyərlərimizin təbliği və ideoloji əsasların gücləndirilməsi yönündə atılan addımlar ardıcıllıqla davam etdirildi.
Xalqın təkidli tələbi ilə Ümummilli Liderin ölkə rəhbərliyinə qayıtdığı 1993-cü ildə Azərbaycan iqtisadiyyatının bütün sahələri dərin böhran içərisində idi. Bunu görən Ulu öndər iqtisadiyyatın dirçəldilməsini başlıca prinsiplərdən biri kimi müəyyənləşdirdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ümummilli lider dəfələrlə vurğulayıb ki, hər bir dövlətin siyasi, hərbi gücünün əsasında möhkəm təməl üzərində qurulan iqtisadiyyat dayanır. Beləliklə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın bir dövlət kimi öz ayaqları üzərində sərbəst inkişafını təmin etdi. Bu strategiyanın bu gün də Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi baxımdan regionun lider dövlətinə çevrilib.
Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində müstəqillikdən sonra dövlət quruculuğu sahəsində fundamental addımlar atıldı. Belə ki, mürəkkəb siyasi problemlər məngənəsində olan ölkəmizdə Ulu Öndərimizin praqmatik və rasional strateji siyasi kursu sayəsində sabitlik əldə edildi. İmperialist qüvvələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən daxildəki avantürist subyektlərin bölücü fəaliyyəti neytrallaşdırıldı və ölkədaxili stabillik təmin edildi.
Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova və Aran qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Eldəniz Tağıyev çıxışlarında bildirmişlər ki, Ulu Öndər Heydər Əliyev insanlığın Yer üzünə bəxş etdiyi ən böyük şəxsiyyətdir. Yer kürəsində tarix yaradan, bir ölkənin,bir xalqın taleyini dəyişən şəxsiyyətlər az olmayıb. Ancaq Ulu Öndər Heydər Əliyev şəxsiyyəti hər kəsdən, hər şeydən uca dayanır. Vətəninin, xalqının taleyinə biganə qalmayanlar, azadlığa, müstəqilliyə can atanlar tarixin burulğanlarında tək olmamışlar. Hər böyük şəxsiyyətin yanında onu dəstəkləyən, ona arxa olan silahdaşları olub. Ümummilli Liderimiz Heydər Əliyev isə ona görə bütün nəsillər üçün nəhəng şəxsiyyətdir ki, parçalanmaqda, məhv olmaqda olan Ölkəni öz qüdrətli əlləri ilə təkbaşına qoruyub, müasir güclü Azərbaycanı yaradıb.
Sonda Aran qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş musiqilər və şeirlər səsləndirilmişdir.






