Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir
07 may 2026 | 16:06
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şəhər Yaradıcılıq Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Leyla Abdullayeva, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə, təşkilatların əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin adı təkcə Azərbaycanın tarixinə deyil, həm də dünya siyasətinin tarixinə fenomenal şəxsiyyət, dahi lider, uzaqgörən dövlət başçısı kimi həkk olub. O, Azərbaycan xalqı üçün həm də bütün sahələrin inkişafının qeydinə qalan, xalqın hər bir təbəqəsini eyni cür düşünən, ölkənin daha perspektivli gələcəyi üçün hər cür imkanlar yaradan rəhbər və lider idi. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsil və mədəniyyət iqtisadiyyat, siyasət kimi prioritet məsələlərindən olmuşdur. Dahi şəxsiyyət hər zaman bütün çıxışlarında bir xalqın inkişafının və dünyada özünü təsdiqləməsinin əsas vasitəsi kimi təhsili və mədəniyyəti qeyd etmişdir. “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”,- deyən Ümummilli Lider “Mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir” də deyir və əlavə edirdi ki, “Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. O, ruhən incəsənətə çox bağlı şəxsiyyət idi. Mədəniyyət və incəsənət xadimlərinin bir çoxları ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi münasibətilə seçilirdi. Bu illər ərzində çox insanların onunla bağlı xatirələrini, fikirlərini dinləmişəm və görmüşəm ki, hər bir insanın qəlbində öz Heydər Əliyev obrazı var. Hər dəfə onun haqqında yeni nələrsə öyrənirik və bir daha əmin oluruq ki, hazırkı çiçəklənən Azərbaycan məhz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycandır. Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğı nümayiş etdirib. O, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqətiylə ruhlandırardı. Ona görə də onun hakimiyyəti dövründə mədəniyyətimiz özünün ən gözəl inkişaf yolunu keçdi. Bu gün Ümummilli Liderin təməlini qoyduğu işləri oğlu, davamçısı, Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva daha da genişləndirir və ölkənin sağlam gələcəyi, xalqın rifahı üçün yorulmadan çalışırlar. Mehriban xanımın uzun illər apardığı uğurlu fəaliyyət nəticəsində Azərbaycan muğamı bütün dünyada tanınır və sevilir. Eləcə də Azərbaycan musiqisi, kinosu, teatrı və incəsənətimizin digər sahələri uğurlu inkişaf yolu keçməkdə, dünya mədəniyyətləri arasında özünün layiqli yerini tutmaqdadır.
Sonra tədbir Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin struktur tərkibinə daxil olan mədəniyyət müəssisələrinin əməkdaşlarının ifasında konsert proqramı təqdim olunub.






