Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib
11 mart 2023 | 10:58
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə münasibətilə Yevlax şəhər Heydər Əliyev Mərkəzində təşkil edilmiş ziyarətlər, silsilə tədbirlər davam etdirilir. Belə ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Yevlax Regional İdarəsinin kollektivi Yevlax şəhər Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Ziyarətdən öncə iştirakçılar Xalqımızın əbədiyaşar Lideri Heydər Əliyevin şəhərin Mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş, müqəddəs xatirəsinə öz ehtiramlarını bildirmişlər. Daha sonra ziyarət zamanı Ulu Öndərin şərəfli ömrünün bütün dövrlərini əks etdirən eksponatlarla yaxından tanış olublar. Ziyarətçilərə Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş Heydər Əliyevin zəngin və çoxşaxəli irsini, həyat və siyasi fəaliyyəti haqqında məlumat verilib. Mərkəzin əməkdaşlarının Ümummili Liderin ömür yolunu əks etdirən fotoşəkillər əsasında verdikləri məlumatlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Ziyarət zamanı Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova çıxış edərək bildiriblər ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.