Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir keçirilib

22 aprel 2026 | 11:26
Yevlaxda “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon təşkilatı və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Ulu Öndər və Azərbaycan təhsili” adlı tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə, təşkilatların rəhbərləri və gənclər iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Heydər Əliyevin ölkəmizdə təhsil sisteminin inkişafı istiqamətində həyata keçirdiyi islahatlar, milli təhsil konsepsiyasının formalaşdırılması, gənclərin xaricdə təhsil alması üçün yaradılmış imkanlar və müəllim nüfuzunun yüksəldilməsi sahəsində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova öz çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan təhsilinin müasir əsaslar üzərində qurulmasının banisi olub, bu sahəni dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib.
Ulu Öndər tərəfindən əsası qoyulan təhsil siyasəti Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ulu Öndər təhsili cəmiyyətin inkişafının əsas dayağı kimi qiymətləndirərək bu sahəni dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Onun rəhbərliyi dövründə milli təhsil sisteminin formalaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, müəllim əməyinə verilən dəyərin artırılması və gənc nəslin yüksək səviyyədə yetişdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu siyasət bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. Dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir, yeni məktəblər tikilir, mövcud təhsil müəssisələri əsaslı şəkildə yenidən qurulur və müasir standartlara uyğunlaşdırılır. Təhsilin keyfiyyətinin artırılması, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunur. İcra Hakimiyyəti Başçısının müavini eyni zamanda qeyd edib ki, Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Fondun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” kimi layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində yüzlərlə yeni məktəb binası inşa olunmuş, bir çox təhsil müəssisələri əsaslı təmir edilərək müasir avadanlıqlarla təmin edilib. Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr yalnız infrastrukturun yaxşılaşdırılması ilə məhdudlaşmır, eyni zamanda təhsilin keyfiyyətinin artırılmasına, şagirdlərin və müəllimlərin daha yaxşı şəraitdə fəaliyyət göstərməsinə xidmət edir. Bu təşəbbüslər Azərbnaycanın regionlarında təhsilin əlçatanlığını artırmaqla yanaşı, gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişməsinə mühüm töhfə verir. Azərbaycanda təhsil sahəsində əldə olunan uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və Mehriban Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən layihələr Azərbaycan təhsilinin daha da inkişafına, ölkənin gələcək tərəqqisinə və insan kapitalının gücləndirilməsinə xidmət edir.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, YAP Yevlax rayon təşkilatının məsləhətçisi Fərid Hacıbəyli, Yevlax şəhər İmaməddin Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Könül Hüseynova çıxışlarında Ulu Öndərin ideyaları əsasında həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə təhsilin səviyyəsinin yüksəldiyini, beynəlxalq standartlara uyğunlaşma istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıblar. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsindəki fəaliyyəti gələcək nəsillər üçün örnəkdir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlı böyüməsi və yüksək biliklərə yiyələnməsi məhz bu siyasətin əsas nəticələrindən biridir.
Sonda məktəblilərin ifasında şeir və mahnılardan ibarət kompozisiya nümayiş etdirilmişdir.
Keçidlər