Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Təmiz ekologiya-Sağlam həyatımızın zəmanətidir” adlı təmizlik aksiyası keçirilib

05 iyun 2023 | 11:01
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kür çayının sahilində,Yevlax şəhəri ərazisində Ümumdünya Ətraf mühitin mühafizəsi gününə həsr olunmuş təmizlik aksiyası keçirilib. Aksiyanın keçirilməsində əsas məqsəd - Ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir. Aksiyada Yevlax Şəhər İcra Hakimiyyətinin , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional idarəsinin, AQTA-nın Regional İdarəsinin, Yevlax Suvarma Sistemləri İdarəsinin əməkdaşları iştirak ediblər.
Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantıları çeşidləyərək ərazidə ən çox müşahidə olunan zibilləri müəyyən ediblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Daha sonra bütün tullantılar aidiyyəti üzrə təhvil verilib.
Təşkilatçı qurumlar hamını indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.
Keçidlər