Yevlaxda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
01 sentyabr 2026 | 18:26
Yevlaxda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Yevlax rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Əsaslı şəkildə yenidən qurulan Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən konfransda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı, Yevlax rayonu üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşarı, Yevlax rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları, direktor müavinləri və qabaqcıl müəllimlər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin müqəddəs Ruhuna öz ehtiramlarını bildiriblər.
Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbdə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda 2026–2027-ci tədris ilində qarşıya qoyulan əsas hədəflər, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə əlverişli təhsil mühitinin yaradılması istiqamətində görüləcək işlər müzakirə olunub.
Konfransda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı, Yevlax rayonu üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sevda Kərimova, “Əməkdar müəllim” Zərxanım Əhmədova çıxış ediblər.
Çıxış edənlər Yevlax təhsil işçilərini təbrik edərək, qarşıdan gələn yeni tədris ilində onlara uğurlar arzulayıblar. Konfransda həmçinin məktəb rəhbərlərinin idarəetmə fəaliyyətinin gücləndirilməsi, məktəbdaxili qiymətləndirmənin şəffaf və obyektiv təşkili, aşağı nəticə göstərən şagirdlərlə məqsədyönlü işin aparılması və qabaqcıl təcrübənin paylaşılmasının əhəmiyyəti vurğulanıb.






