Yevlaxda “Suveren Azərbaycan” adlı tədbir keçirilib
18 sentyabr 2026 | 10:57
Yevlaxda “Suveren Azərbaycan” adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş “Suveren Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev,Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Yevlax şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirib ki, Dövlət Suverenliyi Gününün qeyd olunması xalqımızın tarixində əldə edilmiş mühüm nailiyyətlərin bir daha xatırlanması baxımından böyük əhəmiyyət daşıyır. O, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının tarixi Zəfər olduğunu vurğulayıb. İcra Hakimiyyətinin Başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu və Azərbaycan Ordusunun inkişafı siyasəti Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və ardıcıl şəkildə davam etdirilib. Məhz bu məqsədyönlü siyasətin nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün böyük hissəsini bərpa edib. O vurğulayıb ki, 19–20 sentyabr 2023-cü il tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi bütün ölkə ərazisində tam bərpa olunub. Əldə olunan bu tarixi Zəfərlər Azərbaycan xalqının milli iradəsinin, dövlət-xalq birliyinin və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin nəticəsidir.
Sonra çıxış edən 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin iştirakçısı, müharibə əlili Soltan Səmədov, Fəqani Əhmədov adına Yevlax rayon Aşağı Salamabad kənd tam orta ümumtəhsil məktəbinin direktoru Almaz Təhməzova və Yevlax rayonu üzrə Gənclər və idman sektorunun baş məsləhətçisi Hüseyn Həsənov çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasəti, şəhid və qazilərin göstərdiyi qəhrəmanlıq və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıblar
Tədbirin sonunda Gəncə Dövlət Filarmoniyasının solisti Rüstəm Cəfərovun ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. İfa olunan musiqi nümunələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Vətənə, dövlətə və milli dəyərlərimizə bağlılıq hisslərini özündə əks etdirən musiqi proqramı tədbirə xüsusi ovqat qatıb.






