Yevlaxda şəhidlərin xatirəsinə həsr edilmiş videoçarxın təqdimatı keçirilmişdir
Yevlaxda Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhər 4 saylı körpələr evi-uşaq bağçasının müəllimi Validə Məmmədzadə tərəfindən hazırlanan Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış qələbənin qəhrəmanlarından olan Yevlaxlı Şəhidlərin əziz xatirəsinə həsr edilmiş “Şəhid ömrü” adlı videoçarxın təqdimatı keçirilmişdir. Təqdimat mərasiminə həsr edilmiş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, YAP Yevlax rayon Təşkilatının sədri Rafiq Əliyev, “Kür” qəzetinin baş redaktoru “Əməkdar jurnalist” Əminə Yusifqızı, FHN-nin Aran Regional Mərkəzinin məsul əməkdaşları,“Uğur” Gənclər Təşkilatının sədri, Prezident təqaüdçüsü Günel Abbasova və şəhid ailələri, müharibə veteranları iştirak edirdilər.
Əvvəlcə tədbirdə Dövlət himni səsləndi. Sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biridir. Silahlı Qüvvələrimiz düşmən ordusunun məğlubedilməzliyi mifini darmadağın etdi. Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sayəsində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi zəfərlə ölkəmizin 30 illik işğaldan sonra ərazi bütövlüyü bərpa olundu. Böyük Qələbənin ilk addım səslərini 2020-ci ilin noyabrın 8-də Qarabağın ürəyi, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşidildi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Şanlı Azərbaycan Ordusu mənfur düşmənlə 44 gün qəhrəmancasına savaşıb onu diz çökdürdü. Bu 44 günlük müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı, xalq olaraq qürurumuzu, vüqarımızı, inamımızı özümüzə qaytardı. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər - bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Əslində bu 44 günün hər günü bir tarixdir.
Kapitulyasiya aktı məğlubiyyətin sübutudur. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
Daha sonra çıxış edən YAP Yevlax rayon Təşkilatının sədri Rafiq Əliyev , “Uğur” Gənclər Təşkilatının sədri, Prezident təqaüdçüsü Günel Abbasova, FHN-nin Aran Regional Mərkəzinin məsul əməkdaşı Məzahir Qaçayev bildirdilər ki, əgər bir xalqın müqəddəs amal uğrunda - xalqın azadlığı, Vətənin bütövlüyü uğrunda qəhrəmanlıqla savaşıb, canından keçən igid oğulları varsa, o xalq xoşbəxt xalqdır. Torpaq, uğrunda ölən varsa Vətəndir! Bizim tarixən azadlıq, vətənin müdafiəsi uğrunda şəhidlərimiz olub, bu gün də minlərlə şəhidimiz var. Hər birimiz onlarla qürur duyuruq. Biz Vətəninə, torpağına bağlı, Vətənini canından çox sevən bir xalqıq.
Hər şəhidimiz, eləcə də hər qazimiz, 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxaraq rəşadətlə vuruşan hər bir əsgər və zabitimiz öz qəhrəmanlıqları ilə bir dastan yazdı. Bu qəhrəmanlıq dastanları böyüyən övladlarımız, yeniyetmələrimiz, eyni zamanda, gələcək nəsillər üçün bir örnək, milli dəyərlərimizi aşılayan bir məktəbdir.
Düşünürəm ki, mənəviyyatımız qalibiyyətimizə yol açdı, bizim qalibiyyətimizdə milli dəyərlərimiz çox böyük rol oynadı. Məhz bu cür milli dəyərlərə sahib olan xalq qəhrəman oğullar yetişdirə bilər. Torpaq, Vətən sevgisi ilə yetişdirilən, “Vətən anadır, Vətəni ana kimi sevməli, ana kimi qorumalısan” deyimini həyat amalına çevirən Azərbaycan oğulları əlbəttə, lazım gələndə bu müqəddəs amal uğrunda canlarından keçib şəhid olmağı özlərinə şərəf bildilər.
Tədbir iştirakçıları həmçinin qeyd etdilər ki, şəhidlər cismən aramızda yoxdurlar, onlar daim Xalqımızın qəlbində yaşayacaqlar. Şəhidlərimizin əziz xatirəsinə həsr edilən kitablar, əsərlər, sərgilər videoçarxlar Xalqımızın Onlara olan sevgisinin bariz nümunəsidir.
Tədbir çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən Qarabağ Dirçəliş Fonduna edilən ianə əsasında Yevlaxlı Şəhidlərin xatirəsinə işğaldan azad edilən ərazilərdə əkilən ağacların İanə Sertifikatı şəhidlərin ailə üzvlərinə təqdim edildi.