Yevlaxda Şəhidlərin əziz xatirəsinə növbəti abidə ucaldıldı
Yevlaxda Şəhidlərin əziz xatirəsinə növbəti abidə ucaldıldı
Yevlax rayonunun Səmədabad kəndində dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban verən Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılan abidənin açılışı olub. Əvvəlcə Dövlət Himni səsləndi. Sonra Şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.
Bu münasibətlə təşkil edilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini İlqar Hüseynov, Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Xaliq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Gənclər evi Sosial Xidmət Müəssisəsinin direktoru Elgün Əzizov, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin məsul işçiləri, müharibə əlilləri, veteranlar, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir əsnasında Vətən Müharibəsinin Yevlax rayonunun Səmədabad kəndindən olan Şəhidi, Polkovnik Leytenant Soltan Məmmədovun ad günü də qeyd edilib.
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini İlqar Hüseynov 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun Şəhidlərin qanını yerdə qoymadığını, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. İlqar Hüseynov qeyd etdi ki, 44 günlük Vətən Müharibəsində Möhtərəm Prezdentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Dəmir Yumruğunun ətrafında birləşən minlərlə igidlərimiz yağı düşməni diz çökdürdülər, 30 illik vətən, torpaq həsrətinə son qoyuldu. Düşmən məğlubiyyəti qəbul edərək kapitulyasiya müqaviləsini bağlamağa məcbur edildi.
Vətən Müharibəsində əldə edilən Şanlı Qələbədə Yevlaxdan olan oğullarımızın da rolu oldu. Yevlax rayonundan müharibədə 1000-ə yaxın Vətən övladı iştirak etdi, onlardan 65 nəfəri canlarını torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə fəda etdi, Şəhidlik zirvəsinə ucaldı. Belə qəhrəmanlardan biri də Soltan Məmmədovdur. Şəhid Polkovnik Leytenant Soltan Məmmədov tərəfindən düşmənin onlarca canlı qüvvəsi, silah texnikası məhv edildi. Onun döyüşlərdə göstərdiyi igidliklər indiki və gələcək nəsillər üçün örnəkdir. Soltan və digər Şəhidlər Xalqımızın qəlbində əbədi yaşayacaqlar. Natiq həmçinin Abidənin inşasının Şəhidlərin adlarının əbədiləşməsi üçün önəmli olduğunu vurğuladı, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Xaliq Əliyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Vətən Müharibəsində Müzəffər Ordumuzun Şanlı zəfərindən söz açdılar. Bildirildi ki, Ordumuzun 44 günlük əks-həmlə əməliyyatları nəticəsində 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızı azad etdik. Böyük Zəfərimiz Cənab Prezidentimizin qətiyyəti, Xalq-Ordu birliyi və qəhrəman oğullarımızın şücaəti sayəsində təmin edildi. Zəfər tariximizin səhifələrində qəhrəman şəhidlərimizin adları əbədi yazılmışdır. Xalqımız hər zaman şəhidlərimizin ruhunu əziz tutur, onları daim dərin ehtiramla yad edir. Ucaldılan abidənin gənclərimizə vətənpərvərlik hisslərinin aşılanması cəhətdən mühüm rol oynadığını bildirdilər.
Şəhid Soltan Məmmədovun igidlik və qəhrəmanlıqla dolu döyüş yoluna nəzər saldılar. Soltan kimi Şəhidlik zirvəsinə ucalan qəhrəmanların heç vaxt unudulmayacağını diqqətə çatdırdılar.
Vətən Müharibəsi Şəhidlərinin ataları Fərman Kazımov, Mehti Adgözəlov çıxışlarında bildirdilər ki, Vətən, torpaq, xalq yolunda şəhid olmaq böyük şərəfdir. Bizim Övladlarımız yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətini düşmənə göstərdilər. Özlərinin simasında bütün Şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Ölkə Rəhbərimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər.
Çıxışlar zamanı Vətən müharibəsi şəhidi Polkovnik Leytenant Soltan Məmmədovun həyat və döyüş yolundan da danışıldı. Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən, Şəjhid Polkovnik Leytenant Məmmədov Soltan Akif oğlu ölümündən sonra "Vətən uğrunda",“Suqovuşanın azad olunmasına görə”, Laçının azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.
Çıxış edən Şəhid Polkovnik Leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova tədbirdə iştirak edənlərə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Soltan Məmmədov nə qədər ailəsinə bağlı olsa da, Vətənini, torpağını hamıdan, hər şeydən üstün tuturdu. Vətənə olan sevgisi Vətənin dar günündə Onu irəli atılmağa məcbur etdi. Soltan yaşadığı həyatın çox hissəsini vətəninə xidmətə həsr etmiş əsl Şəxsiyyətdir. O, təkcə həyat yoldaşı deyildi, O həm də əsl dost idi. O, Məni həmişə mətin olmağa çağırırdı. O elə bil hiss etmişdi ki, nə vaxtsa Şəhidlik zirvəsinə ucalacaq. Bəli, Şəhidlik Soltanın ən böyük arzusu idi, arzusuna da çatdı. Soltan tək bizlərin, ailəsinin yox elin, obanın övladıdır, qohumudur.
Tünzalə Məmmədova ailəsinə göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Abidənin açılışına həsr edilmiş tədbirdə Yevlax Mədəniyyət Mərkəzinin əməkdaşları və Səmədabad kənd tam orta məktəbinin şagirdləri tərəfindən Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirildi,ədəbi-bədii kompozisiyalar ifa edildi.