Yevlaxda “Şəhərdaxili hərəkət (mobillik) planı”nın hazırlanması ilə bağlı görüş keçirildi
Yevlax şəhər İcra Hakimiyyətində Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Unversitetinin nümayəndələri arasında "Şəhərdaxili hərəkət (mobillik) plan"nın hazırlanması ilə bağlı görüləcək işlərin səmərəliliyin artırılması üçün işçi qaydada görüş keçirilib.
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev, Rektor müşaviri İlham Pirməmmədov, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Universitetin Nəqliyyat və Logistika fakultəsinin dekanı Allahverdi Şərifov, Universitetin Logistika və Nəqliyyat İnstitutunun elmi işçisi Azər Qurbanov və Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.
Görüşdə Şəhər İcra Hakimiyyətinin Başçısı Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Yevlaxda aparılan abadlıq quruculuq işlərindən, görülən işlərdən bəhs etdi. Yevlax şəhərinin "Şəhərdaxili hərəkət (mobillik) plan"nın hazırlanmasından danışarkən bu məsələnin şəhərin təhlükəsizliyi baxımından vacibliyini nəzərə çatdırdı.
Universitetin rektoru “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının mahiyyəti barədə danışaraq hərəkətin təhlükəsizliyi baxımından bu görüşün önəmi barədə danışıb. Qeyd edib ki, burada dayanıqlı şəhər modelinin də tətbiq edilməsi nəzərdə tutulub.
Görüşdə Yevlax şəhərində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın hazırlanması istiqamətində görüləcək işlər müzakirə olundu,həmçinin mobillik planı üzrə monitorinqlərin keçirilməsinin zəruriliyindən və bu tədbirlər üzrə hədəflərdən də danışıldı
Sonda mövzu ətrafında müzakirələr aparıldı, təkliflər sələndirildi.