Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş yürüş təşkil edilmişdir

09 noyabr 2024 | 12:00
Yevlaxda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş yürüş təşkil edilmişdir
9 noyabr Dövlət Bayrağı Günü xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. Hər il olduğu kimi bu il də Bayraq Günü Yevlaxda xüsusi qeyd edilir. Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhidlər Xiyabanına yürüş təşkil edilmişdir. Yürüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının, GKİM-nin Mərkəzi Aran regional nümayəndəliyinin, Yevlax rayonu üzrə gənclər və idman sektorunun rəhbərliyi, qazilər,veteranlar ictimaiyyət nümayəndələri iştirak edib. Xiyabanda keçirilən tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək bildirmişdir ki,bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir. Müqəddəs rəmzlərimizdən olan bayraq xalqımızın, millətimizin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərmiş, milli bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır.Azərbaycan öz müstəqilliyini asanlıqla əldə etməyib. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Hər bir Azərbaycan vətəndaşı üçün bayraq qürur mənbəyi olmalıdır. Bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər kürsülərində ucalır. Bu bayrağı hər zaman uca tutmaq hər bir azərbaycanlının borcudur. Başçının müavini qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət bayrağımız da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının dövlət bayrağı haqqında çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir. Ulu Öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır.Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Azərbaycan Prezidentinin milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə göstərir.
Elnarə Əzizova 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda ordumuzun misilsiz rəşadəti, hərbçilərimizin əzmkarlığı, xalqımızın mübarizliyindən danışıb. Qeyd edib ki, əldə etdiyimiz zəfərdə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolu var.
Sonda Yevlax rayon məktəblilərinin vətənpərvərlik mövzusunda hazırladıqları şeir kompozisiyaları nümayiş olunub.
Keçidlər