Yevlaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü qeyd edilib
13 fevral 2023 | 11:35
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gününün 11-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək,dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin bütün şəxsi heyətini xidmətin yaranmasının 11-ci ildönümü münasibətilə təbrik edərək, bildirdi ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin tərəqqisi və davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir. Ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən 11 ildə istər idarəetmənin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.Şəhər rəhbəri qeyd edib ki, 44 günlük Vətən Müharibəsi hərbi çağırışın nə dərəcədə əhəmiyyətli məsələ olduğunu sübuta yetirdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və dünyanın ən güclü silahlı birləşmələri sırasında olan müzəffər Ordumuz bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir və bu sahənin inkişafı istiqamətində müntəzəm olaraq lazımı islahatlar aparılır.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin əməkdaşlarına səmimi təbriklərini çatdırıb, qeyd etdi ki, son illər Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bütün sahələrdə aparılan islahatlar, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmənin çevik mexanizmlər əsasında müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılmış, müvafiq qərarlar qəbul edilmişdir. Məhz, cənab Prezidentin 11 il öncə imzaladığı müvafiq Fərmanla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması da müasir dövrün tələblərinə cavab verən mühüm addım idi. Möhtəşəm Zəfərlə bitən Vətən müharibəsində statusundan asılı olmayaraq həmrəylik nümayiş etdirib, xidməti vəzifəsini məsuliyyətlə yerinə yetirən qurumlardan biri də məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti və onun yerli şöbələri olmuşdur. SHXÇDX-nin bütün əməkdaşlarına öz fəaliyyətində uğurlar arzu edən yerli təşkilatın sədri, bildirdi ki, məqsədimiz və fəaliyyətimiz müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti ətrafında sıx birləşmək, rayonumuzda sağlam, bilikli və vətənpərvər ruhlu gənclərin yetişməsi naminədir.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov çıxış edərək bildirdi ki, Ordumuzda ruh yüksəkliyi və vətənpərvərlik hissləri olduqca yüksəkdir. Vətən Müharibəsi bunu nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi. Rayonda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılması, yola salınması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm işlər görülür. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin hərbi xidmətə çağırış haqqında verdiyi Fərmanlar rayonumuzda həmişə vaxtında icra olunur, çağırış tapşırıqlarına tam şəkildə əməl olunur. Bu baxımdan Xidmətin rayon şöbəsinin şəxsi heyəti də qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün öz səy və bacarıqlarını əsirgəmir və çağırışçıların hərbi uçotunun dəqiq, düzgün aparılması məqsədilə nəzarəti ciddi şəkildə həyata keçirir.
Sonra çıxış edən Yevlax rayonunun prokuroru Ceyhun Almasov, Yevlax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev, DTX-nın Yevlax rayon Şöbəsinin rəisi İlqar Bağırov, Yevlax rayon Məhkəməsinin sədri Toğrul Əliyev Xidmət əməkdaşlarını təbrik edərək, onlara işlərində uğurlar arzuladılar.
Sonda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-ci ildönümü münasibətilə xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə SHXÇDX-nin Yevlax rayon şöbəsinin bir qrup əməkdaşına Yevlax Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanları təqdim edilib.