Yevlaxda Rayon Fövqəladə Hallar üzrə Komissiyasının iclası keçirildi
14 noyabr 2022 | 18:01
Yevlaxda Rayon Fövqəladə Hallar üzrə Komissiyasının iclası keçirildi
"Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində 28-30 noyabr 2022-ci il tarixlərində Yevlax Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi ilə birlikdə keçiriləcək "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda keçiriləcək kompleks mülki müdafiə təlimi ilə əlaqədar rayon FHK-üzvlərinin iclası keçirilib.
İclasda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri,Rayon Fövqəladə Hallar üzrə Komissiyasının sədri İlqar Hüseynov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar üzrə Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri,Rayon FHK-nın sədri İlqar Hüseynov keçiriləcək təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb,təlimin yüksək səviyyədə keçirilməsi üçün aidiyyəti orqanlara müvafiq tapşırıqlar verib.
Sonra çıxış edən FHN Aran Regional Mərkəzinin Mülki müdafiə İdarəsinin rəisi mayor Elşən Bəşirov təlim günü görüləcək işlər , fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinini icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin faydasından bəhs edib.
Sonda kompleks mülki müdafiə təliminə dair videoçarx nümayiş etdirildi, xidmət rəhbərlərini maraqlandıran suallar cavablandırıldı.