Yevlaxda “Ramazan ayı – dini həmrəylik və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
09 aprel 2024 | 14:03
Yevlax Şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə YAP Yevlax Rayon Təşkilatının inzibati binasında “Ramazan ayı – dini həmrəylik və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Yevlax şəhər “Cümə” məscidinin imamı Eldəniz Əhmədov, din xadimləri və dindarlar iştirak ediblər.
Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Yevlax şəhər “Cümə” məscidinin imamı Eldəniz Əhmədov, din xadimləri və dindarlar mövzunun əhəmiyyətindən bəhs edərkən bildiriblər ki, milli-dini həmrəylik dövlətlərin varlığını qoruyub-saxlayan əsas amildir. Bu dəyərlərdən məhrum dövlətlərdə isə əmin-amanlıq olmadığı kimi, onların gələcəyi də sual altında olar. Sovet dövründə dinə qarşı böyük basqılar müşahidə edilib. Diqqətə çatdırılıb ki, Konstitusiyamızda dini etiqad azadlığı ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Həmçinin bildirilib ki, Azərbaycan tarixin bütün dövrlərində dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, bura təkcə fərqli dinlərin nümayəndələri deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərə məruz qalan ayrı-ayrı dini cərəyanların nümayəndələri də pənah gətirmişlər. Onlar burada özlərini nəinki yad hiss etməmiş, hətta, yerli əhali ilə qaynayıb qarışmış, qohumluq əlaqələri qurmuş və Azərbaycan xalqı ilə həmrəy olmuşlar. Bu gün ölkəmizdə bütün dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunur. Ölkəmizdə fəaliyyət göstərən bütün dini icmalar sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir, dövlət qayğısı ilə əhatə olunur.Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasəti müasir dövrdə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük uzaqgörənlik və uğurla davam etdirir. Bu gün ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinə diqqət və qayğının göstərilməsi Azərbaycan hökumətinin din siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Məhz bu siyasət sayəsində dövlət dini icmalara xüsusi diqqət və qayğı ilə yanaşır, hər il dövlət büdcəsindən dini icmalara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir. Azərbaycan məhz bu siyasət nəticəsində bu gün bir sıra dövlətlərə nümunə göstərilir. Bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin təmir və bərpasına xüsusi önəm verir, davamlı olaraq dini icma liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır.
Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpası həyata keçirilir. Fondun həyata keçirdiyi layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması işləri görülür. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçəlir və işğal ərazisindəki məscidlərimizdə azan səsləri eşidilir, dualar oxunur. Bütün bunlar ölkəmizdə dini inanclara, din adamlarına verilən qiymətin əyani nümunəsidir.
Tədbirin gedişində Ulu Öndərimiz Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan mükəmməl dövlət-din siyasəti modelindən, bu sayədə milli-mənəvi dəyərlərə qayıdışdan, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində göstərilən qayğıdan, ölkədə etiqad, inanc azadlığının tam təmin edilməsindən bəhs edilən sənədli film nümyiş etdirilib.
Sonda iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.