Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda qeyri-formal məşğulluğun qarşısının alınması və peşə hazırlığının təşviqi ilə bağlı görüş keçirilib

10 oktyabr 2026 | 10:15
Yevlaxda qeyri-formal məşğulluğun qarşısının alınması və peşə hazırlığının təşviqi ilə bağlı görüş keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvlərinin iştirakı ilə növbəti görüş keçirilib.
“AS-İstehsal” MMC-də təşkil olunan görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması, eləcə də işsizliyin azaldılmasında peşə hazırlığının rolu ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Əlaqələndirmə Komitəsinin sədri Xaliq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, Komitənin üzvləri, həmçinin “AS-İstehsal” MMC-nin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Görüş zamanı çıxış edən Xaliq Əliyev qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, əmək münasibətlərinin rəsmiləşdirilməsinin üstünlükləri barədə əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinin, eləcə də qeyri-formal məşğulluq hallarının daha çox rast gəlindiyi iqtisadiyyat sahələrində fəaliyyət göstərən təsərrüfat subyektləri ilə məqsədyönlü təbliğat və təşviqat tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Bildirilib ki, işaxtaran və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsi, onların qısa müddətdə tələb olunan ixtisaslar üzrə hazırlanması işsizliyin azaldılmasına və məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir. Bu baxımdan peşə hazırlığı proqramlarının təşviqi və müvafiq dəstək mexanizmləri barədə məlumatlandırmanın artırılması xüsusi əhəmiyyət daşıyır.
Görüşdə, həmçinin qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar, peşə hazırlığının təşkili, əməkhaqqının maliyyələşdirilməsi mexanizmləri, əmək münasibətlərinin rəsmiləşdirilməsi və məşğulluq sahəsində qanunvericiliyin tələbləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qeyri-formal məşğulluğun aradan qaldırılması, qeydiyyatlı məşğulluğun üstünlüklərinin təşviqi, işaxtaran və işsiz şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində aidiyyəti qurumlar arasında əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Keçidlər