Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda qazilərlə görüş keçirildi

05 avqust 2022 | 11:48

 

Yevlax şəhərindəki “Kainat” istirahət mərkəzində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı İlham Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov da iştirak ediblər.
Çay süfrəsi ətrafında keçirilən səmimi görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi Şanlı Zəfərdən, bu gün ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını diqqətə çatdıraraq deyib ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir.
Bu gün şəhid ailələri və qazilər həyatlarının hər bir anında Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etdiyini deyən İcra Hakimiyyətinin Başçısı Yevlaxda da bu kateqoriyadan olan insanlara diqqət və qayğı göstərildiyini, bundan sonra da daimi olaraq davam etdiriləcəyini qeyd etdi. Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu nəzərə çatdırdı.Həmçinin bildirdi ki, Vətən müharibəsi zamanı, tarixi zəfərin qazanılmasında Yevlaxdan olan hərbçilərimiz də cəsarətlə iştirak edib, yüksək iradə, döyüş əzmi göstəriblər. Vurğulayıb ki, Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.
Milli Məclisin deputatı İlham Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov çıxışlarında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından söhbət açaraq müharibə əlillərinə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən danışıblar.
Qazilərdən Telman Mehtiyev, Elşad Həsənzadə, Ceyhun Salmanzadə, Duman Qəmbərov çıxışlarında Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin şəhadətin uca məqamında olduğunu qeyd edib, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıblar.

Qazilər son günlər Ordumuzun bölmələrinə qarşı törətdilən terror-təxribat əməllərindən hiddətləndiklərini bildirdirərək, səhhətlərində problem olmasına baxmayaraq yenə Müzəffər Ali Baş Komandanın əmrinə hazır olduqlarını diqqətə çatdırdılar.
Sonda qazilərə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri təqdim olunub. Vətən Müharibəsi qaziləri onlara göstərilən diqqət və qayğıya görə Ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Keçidlər