Yevlaxda Novruz bayramı və İlaxır çərşənbə təntənəli şəkildə qeyd olunub
18 mart 2026 | 10:33
Yevlaxda Novruz bayramı və İlaxır çərşənbə təntənəli şəkildə qeyd olunub
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı və İlaxır çərşənbə təntənəli şəkildə qeyd olunub. Bayram şənliyində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Namiq Tarverdiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yevlax Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydan bayramsayağı bəzədilib, 8 köşkdən ibarət olan yarmarka sahəsi yaradılıb, Novruz şirniyyatları olan süfrələr açılıb, səmənilər qoyulub, bayram abu-havası yaradılıb.
Bildirilib ki, xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən və dünyaya tanıtdıran dəyərli mərasimlərindən biri - Baharın gəlişi, təbiətin oyanışı münasibətilə qeyd edilən müqəddəs el şənliyi Novruz bayramıdır. Novruz keçmişimizdən gələcəyimizə uzanan mədəni körpüdür. Bu bayram bizə kim olduğumuzu xatırladır, köklərimizə bağlayır və gələcəyə ümidlə baxmağı öyrədir. Ona görə də Novruz təkcə bayram deyil-milli varlığımızın fəlsəfi və mənəvi manifestidir. Müstəqil və qüdrətli Azərbaycanda Novruzun bu cür geniş və yüksək səviyyədə qeyd olunması xalqımızın milli birliyinin, dövlətimizin gücünün və mədəni irsimizə verilən dəyərin bariz nümunəsidir. Bu bayram insanlarda xoş niyyət, həmrəylik və gələcəyə ümid hisslərini daha da gücləndirir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Novruz bayramına xüsusi önəm vermiş, onu dövlət səviyyəsində yüksək statusa qaldırmış və milli həmrəyliyin simvoluna çevirmişdir. Bu addım yalnız bir bayramın deyil, bütövlükdə milli irsimizin qorunması istiqamətində mühüm mərhələ olmuşdur. Heydər Əliyev Novruzu yalnız ənənəvi bayram kimi deyil, milli ideologiyanın mühüm komponenti kimi qiymətləndirirdi.
Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz milli-mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Novruz bayramı ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur, qədim adət-ənənələrimiz yeni nəsillərə ötürülür. Cənab Prezidentin bayram münasibətilə xalqımıza ünvanladığı təbriklərdə Novruzun xalqımızın birlik, həmrəylik və humanizm dəyərlərini təcəssüm etdirdiyi xüsusi vurğulanır.
Xalqımızın milli-mənəvi irsinin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı müdafiəçisinə çevrilmişdir. Hörmətli Mehriban xanım Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində və 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan Şanlı Qələbələr sayəsində torpaqlarımız işğaldan azad edildi və dövlətimizin suverenliyi tam bərpa olundu. Xalqımızın milli ruhu daha da gücləndirdi, bizə qalib xalq kimi başıuca yaşamaq qüruru bəxş etdi. Biz artıq Novruz bayramını Qalib xalq kimi qeyd edirik. Bu gün Novruz tonqalları artıq azad edilmiş torpaqlarda da alovlanır. Qarabağda, Şərqi Zəngəzurda qeyd olunan bayram tədbirləri xalqımızın illər boyu həsrətində olduğu arzuların gerçəkləşdiyini göstərir. Vaxtilə həsrət qaldığımız yurd yerlərində Novruz süfrələrinin açılması, tonqalların qalanması, milli adət-ənənələrin yenidən dirçəldilməsi böyük mənəvi əhəmiyyət daşıyır.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrin əməkdaşları tərəfindən müxtəlif mövzularda şən mahnılar, musiqilər səsləndirilib, milli geyimli uşaqlar rəqs ediblər. Dədə Qorqud rayon əhalisini bayram münasibətilə təbrik edərək bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs etdi. Novruzun personajları olan Bahar qızı, Keçəl, Kosa və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanan səhnəciklər şənliyə gələn qonaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş edib.
Uşaqlar və iştirakçılar yumurta döyüşüblər. İfa olunan mahnılar, musiqilər, rəqs nömrələri sakinlər tərəfindən alqışlarla qarşılanıb və şənliyə xüsusi rəng qatıb. Tədbir keçirilən məkana atlıların gəlişi şənlik işitrakçıları tərəfindən maraqla qarşılanmışdır.
Bayram proqramının ən maraqlı hissələrindən biri kəndirbazların çıxışı olub. Kəndirbazların akrobatik hərəkətləri qonaqların əhval-ruhiyyəsinə bayram ovqatı qatıb, bu da tamaşaçıların böyük marağına səbəb olub.
Bildirilib ki, belə mərasimlərin keçirilməsi xalqımızın qədim adət-ənənələrinin yaşadılması və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bayram şənliyində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəsisələr və Yevlax Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən əl işlərindən ibarət sərgi təşkil edilib.






